İlham Əliyev İranı ifşa edir: Nüvə danışıqları, “olum ya ölüm” – TƏHLİL

Bu gün Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibə verib. Ölkə başçısı müsahibəsi zamanı İranın ölkəmizlə sərhəddə keçirdiyi hərbi təlimlərdən söz açıb:
“Sərhədlərimiz yaxınlığında keçirilən hərbi təlimlər çox təəccüb doğuran bir hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr yaşanmamışdı. İlk növbədə deməliyəm ki, hər ölkə öz ərazisində istədiyi hərbi təlimləri keçirə bilər. Bu onun suveren hüququdur. Buna heç kim söz deyə bilməz. 
Ancaq bunu bir zaman kəsimində təhlil edərkən, daha əvvəl heç vaxt belə bir şeyin olmadığını görürük. Niyə indi və bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar soruşur. Bir sual da verilir ki, nəyə görə işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dövrdə nəyə görə təlim keçirilmirdi? Nəyə görə biz bu əraziləri azad etdikdən, 30 illik əsarət və işğala son qoyduqdan sonra bu edilir? Bu suallar haqlı suallardır. Əlbəttə ki, biz bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir halın olmamasını istəyirik. Bir daha söyləmək istəyirəm, Azərbaycan burada çox məsuliyyətli və təmkinli davranır. Bizim qanuni addımlarımıza qarşı göstərilən emosional reaksiyaların müvəqqəti olduğuna ümid edirəm”.

Azərbaycanın dəfələrlə İrana dost əlini uzatdığını, mehriban, heç bir problem olmadan normal qonşuluq münasibətlərində əlaqələrin inkişafına çalışdığını söyləyən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a bildirib ki, qarşı tərəf adekvat münasibət sərgiləməkdənsə, münasibətləri gərginləşdirən addımlar atıb, Azərbaycanı az qala öz ərazi subyekti kimi nəzərdən keçirib:

“Müstəqilliyin ilk illəri və ondan sonrakı periodda Tehran-Bakı münasibətlərində əsas xətt iqtisadi əməkdaşlığın prioritetlərinə söykənib, siyasi münasibətlərdə isə soyuqluq müşahidə edilib. İran bu müddətdə Azərbaycanda casus şəbəkəsi belə formalaşdırmışdı, Bakının onlara qarşı tədrici tədbirləri sistemli fəaliyyətə çevrildi, İran Azərbaycandakı hücrələrini gün getdikcə itirdi. Adlar da çəkə bilərik, Azərbaycanda kimlərin İranın işığına toplaşdığını, kimlərin QUM kisəsinin altında müstəsna həyasızlıqla müşayiət olunan əbalı fəaliyyət göstərdiyini az-çox bilirik. İran getdikcə, azğınlaşdı, Azərbaycanın İsraillə münasibətlərinin inkişafını həzm edə bilmədi, hiddətindən və qısqanclığından doğan aqressiyanı müxtəlif üsul və formalarla, ayətullahların dili ilə gündəmə gətirdi. Utanmadan, çəkinmədən, İslam prinsiplərinin altına sığınaraq Azərbaycana qarşı işğalçılıq həyata keçirən Ermənistana nəfəs verdi, onu Azərbaycana qarşı cəbhədə əsas müttəfiq kimi nəzərdən keçirdi.  Ta o zamana qədər ki, Vətən müharibəsi başladı və Azərbaycan ordusu 44 gün ərzində Ermənistanın işğalındakı əraziləri azad etdi, bu zaman Tehranın fəaliyyəti yeni fazaya daxil oldu.

Azərbaycanın qələbəsinin regionda qüvvələr və siyasi güc nisbətində dəyişiklik yaratdığı Tehranda böyük narahatlıqla izlənilirdi, may ayından etibarən isə Bakının Ermənistanla dövlət sərhədinin müəyyənləşdirilməsi siyasəti İranın mərkəzinə ağırlıq çökdürdü. Tehran işğaldan azad edilmiş ərazilərin bir qismində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olan bölgələrə təyinatı məlum olmayan nələrsə daşıdı.

Prezident İlham Əliyev hələ bu ilin iyulunda nəzakət qaydalarına söykənərək İranın adını çəkmədən demişdi ki, Azərbaycan balansında olan müxtəlif texniki vasitələr, peyk vasitəsilə həmin ərazilərdə baş verənləri izləyir. Tehran bundan da dərs çıxarmır, əksinə hiddəti şiddətlənir, Azərbaycana hörmətsizliyini davam etdirir.

Prezident İlham Əliyev Vətən müharibəsinin ildönümü ilə bağlı “Anadolu” agentliyinə müsahibəsində İrana dəfələrlə xəbərdarlıq olunmasından, Tehranın isə müxtəlif aldadıcı adlar altında fəaliyyət göstərməsindən bəhs edib. Sən demə, İran Qarabağa göndərdiyi öz yük avtomobillərini düz-əməlli də maskalamayıb, özünü aşkar şəkildə ifşa edib.
İlham Əliyev bu barədə danışarkən deyib: “Bizə məlumat gəlirdi ki, İran TIR-larına ermənicə yazılar yapışdırmağa çalışırlar. Yəni, belə saxtakarlığa əl atdılar, bizi aldatmağa çalışdılar. Bunu elə səriştəsizliklə etdilər ki, avtomobilin üzərində yazılar farsca, aşağı hissədə isə ermənicə idi”.
Bu sitat ölkə başçısının İran haqqında geniş şəkildə ifşaedici məlumatlarından bir parçadır. Prezident ilk dəfədir ki, İran haqqında bu qədər açıq danışır və faktlarla ortaya mövqe qoyur. Görünür ki, İran Azərbaycanın müdafiə qabiliyyətinin gücünü, özünə qarşı təhdidlərin istənilən üsulla ala biləcəyini hesablamamışdı, ona görə də, axırda özü dalana dirəndi”.

A.Kərimov qeyd edib ki, Azərbaycan polisinin və gömrükçülərinin Gorus-Qafan yolunda İran TIR-larını yoxlamasından da Tehran nəticə çıxarmadı, qəfil yadına düşdü ki, ordusu üçün yeni poliqon Azərbaycanın sərhəd zonalarıdır:

“Azərbaycanı hədələmək formasında təlim keçirilməsi Tehranın əsl məqsəd və niyyətlərini ortaya qoyur. Azərbaycan özü də İrana tək cavab verə bilər, lakin nəzərə alaq ki, Bakının müttəfiqləri də çoxdur, hətta strateji partnyorluq səviyyəsinə qalxan əlaqələrin xarakteri bəzən hərbi ittifaqı belə gündəmə gətirir.

İran isə təkdir, onun ən böyük müttəfiqi özünün maliyyələşdirdiyi “Hizbullah”dır, bu isə ona regionda heç bir üstünlük vəd etmir. Rusiya ilə əlaqələrində rəqabət mövcuddur, sanksiyalar girdabında boğulur. Belə olan təqdirdə, sual olunur, İran, bu, sizə lazım idimi? Hədələrin, əzələ nümayişinin axırı nə oldu?. Axırda çarəsiz qaldı, tonu yumşaldı, Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşü barədə razılıq əldə olundu. İran artıq dalana dirəndiyini görüb belə razılığa “imza atdı”. Bunu demək üçün digər səbəb:
Ardınca İran Prezidenti İbrahim Rəisi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Tehrana dəvət etdi. Hədədən sülhə doğru qəfil və sürətli keçidinin bir səbəbi də Azərbaycanın Gorus-Qafan yolundakı məlum yoxlamalardan sonra İran üzərində iqtisadi təzyiq aləti qazanması idi. Bəs proseslərin axırı necə olacaq?

Prezident müsahibəsində deyib ki, artıq İran Qarabağa TIR göndərə bilmir, bundan sonrakı nəticələrin hansı formada olacağı Tehrandan asılıdır:

İlk növbədə İran çirkin əməllərindən əl çəkməlidir və Azərbaycanla münasibətlərdə Bakının həssasiyyətini nəzərə almalıdır.

Həmçinin Qlobal kontekstdə: İran altılıq formatında (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) növbəti danışıqlar mərhələsindədir. Nəzərə alınmalıdır ki, BMT TŞ-nın beş daimi üzvündən biri Britaniya Azərbaycanla əlaqələrini dərinləşdirir.

Sual oluna bilər: Nüvə danışıqlarının Azərbaycana nə aidiyyəti?

Burada bir neçə versiya önə çıxır:

Birincisi, Danışıqlarda həm də regional siyasətlə bağlı şərtlər qoyulur, Britaniya istəməz ki, Qarabağdakı layihələri təhlükə altına düşsün. Ona görə nüvə danışıqlarında razılığa gəlinməsi həm də regional siyasətə baxışdakı mövqedən keçir.

İkincisi, İsrail də Qərbə böyük təsiretmə imkanlarına malikdir, sözsüz ki, nüvə danışıqlarında İsrailin də mövqeyi nəzərə alınır. İsrail də Qarabağdakı layihələrdə iştirakının təhdid altına düşməsinin, İranın hər hansı qeyri-adekvat addım atmamasını şərt kimi Tehranın qulağına çatdıra bilər.

Üçüncüsü, Tehranın nüvə danışıqlarında Fransadan dəstək alacağını söyləmək çətindir. Çünki Paris “AUKUS” hərbi paktından sonra bölgələrdən və qlobal siyasətdən sıxışdırılır.

Dördüncüsü, Rusiya nüvə danışıqlarında həlledici şəkildə geniş təsir imkanlarına malik deyil, İranla yalnız iqtisadi əməkdaşlığın dərinləşməsini nəzərdən keçirir.

Beşincisi, Çin Cənubi Qafqazda yaranan yeni reallıqda Zəngəzur dəhlizinin tranzit əhəmiyyətini yüksək qiymətləndirir, hərçənd ki, onun İranla da geniş və çoxşaxəli əlaqələri mövcuddur. Bununla belə, Çinin nüvə danışıqlarında Britaniyanın mövqeyini nəzərə alacağı istisna deyil.

Altıncısı, Türkiyə də Azərbaycana dəstəkdir, Ankara indi Bakı-Tehran arasında vasitəçilik edir. Ankara Bakının maraqlarını üstün tutur.

Ona görə də Tehran seçim etməlidir: Məşhur ingilis dramaturqu və şairi Şekspirin ifadəsi ilə desək: “Ya olum, ya ölüm”....”.

Yeganə Bayramova