Dövlətin verdiyi pula görə başqa cildə girənlər var
Ailələrə himayədarlığa verilən uşaqların tez-tez monitorinqi aparılmalıdır
Uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olan və dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına şərait yaradan “Himayədar ailə” qayğı modelinin ölkəmizdə də tətbiqi nəzərdə tutulur.
Bu məqsədlə institusional hazırlıq işləri aparılır. BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq istiqamətlərindən biri də bu sahəni əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunu çərşənbə günü Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev UNICEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə tanışlıq görüşündə bildirib. A.Haykensi yeni təyinatı münasibətilə təbrik edən nazir uşaqların müdafiəsi və inkişafının, hüquqlarının qorunmasının dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. S.Babayev ölkəmizdə sosial müdafiə, eləcə də uşaq qayğı sisteminin inkişafı istiqamətində aparılan islahatları, bu sahədə UNICEF-lə fəal əməkdaşlıq həyata keçirildiyini qeyd edib.
"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova "Şərq"ə açıqlamasında bildirib ki, dövlətimiz uşaqların internata düşməsinin qarşısını almaq üçün bir sıra təqdirəlayiq addımlar atır:
"Bir məsələni qeyd edim ki, sağlamlıq imkanları məhdud uşaqların himayəyə verilməsi məni çox narahat edir. Çünki həmin uşaqların qayğısına qalmaq, onlara qulluq etmək çox çətindir. Bunu biz reabilitasiya prosesində görürük. Düzdür, doğma analar səbrlə onların qayğısına qalırlar, amma inanmıram ki, kənardan kimsə onlara o cür qulluq etsin. Çünki həmin uşaqların qayğısına qalmaq həqiqətən də çətin prosesdir. Bir az məni o qorxudur ki, ortada pul məsələsi var. Bilirsiniz ki, bir müddət öncə dövlətimiz tərəfindən həmin uşaqların qayğısına qalmaq istəyən ailələrə aylıq vəsaitlər ayrıldı. Bu da təbii ki, sonda bir çox xoşagəlməz hadisələrin yaşanmasına səbəb ola bilər. Çünki sağlamlıq imkanları məhdud uşaqlara həmin şəxslər qayğı göstərməyə bilər ki, bu da sonda onların lap ruhdan düşməsinə səbəb ola bilər. Hesab edirəm ki, ailələrə himayədarlığa verilən uşaqların tez-tez monitorinqi aparılmalıdır. Onların gələcək taleləri ilə maraqlanılmalıdır. Çox istərdim ki, uşaqlara himayədar olmaq istəyənlər yüz ölçüb, bir biçsinlər".
Aynurə Pənahqızı