“Dağlıq Qarabağ” qeyd-şərti ilə bağlı qoşulduğumuz bütün sənədlər dəyişdirilməlidir
Parlamentin dünənki iclasında millət vəkili, İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc önəmli təkliflə çıxış edib. Deputat bildirib ki, “Böyük Qayıdış”a dair parlamentin də üzərinə böyük yük düşür. Z.Oruc təklif edib ki, “Dağlıq Qarabağ” qeyd-şərti ilə bağlı qoşulduğumuz bütün sənədlər dəyişdirilməlidir: “Bizim qanunvericilik aktlarında “Dağlıq Qarabağ”la bağlı qeyd olan onlarla sənəd var. Təklif edirəm ki, parlamentdə bununla bağlı İşçi Qrup yaradılsın və Dağlıq Qarabağ qeyd-şərti ilə bağlı qoşulduğumuz bütün beynəlxalq sənədlər dəyişdirilsin”.
Parlament üzvünün təklifini “Şərq”ə təhlil edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli də bunun olduqca mühüm məqam olduğunu deyib. Siyasi şərhçi bildirib ki, “Dağlıq” ifadəsi coğrafi baxımdan bölgənin dağlıq zona olduğunu əks etdirmək üçün Qarabağ sözünün əvvəlinə əlavə edilmişdi. Ancaq təəssüflər olsun ki, erməni tərəfi bu ifadədən siyasi və etnik məqsədlər naminə sui-istifadə etməyə başladı: “Ermənilər dünya siyasi ədəbiyyatında qondarma rejimin adına da bu termini əlavə etdilər. Prezident İlham Əliyev “Dağlıq Qarabağ” yoxdur, “status məsələsi bitdi” deyəndə məhz bunları nəzərdə tuturdu. Yəqin ki, müəyyən qanunvericilik aktlarında özümüz də səhvlərə yol vermişik. Hesab edirəm, bu cür ifadələri “Yuxarı Qarabağ” anlayışı ilə əvəzləmək mümkündür. Azərbaycanın tərkibində Qarabağ iqtisadi rayonunun yaradılması qanunvericilik sənədlərinin dilini dəyişmək zərurətini ortaya çıxardı. İlk növbədə bu dəyişiklik siyasi-coğrafi adla, ikincisi, hüquqi baxımdan, üçüncüsü isə dünyada baş verən proseslər və diplomatik yanaşma ilə bağlıdır. Bu məqamın qanunvericilikdə əksini tapması Prezidentin çağırışına uyğundur”.