“44 gün ərzində 200 ildən çoxdur ki, Azərbaycan və bütövlükdə Cənubi Qafqaz, Türkiyə, Türküstan və indiki İran ərazisinin bir hissəsində ağlasığmaz cinayətlər, qtliamlar törədən, tarix boyu mövcud olmayan “dənizdən-dənizə Ermənistan” yaratmaq istəyən xəstə, ultramillətçi təfəkkürə ölümcül zərbə vurduq”.
“Sherg.az” xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, “Xalq cəbhəsi” media qrupunun rəhbəri Elçin Mirzəbəyli deyib.
Baş redaktor bildirib ki, XX əsrin sonlarından başlayaraq erməni ultramillətçiliyinin öz qanlı dişlərini qıcayaraq yenidən dirçəlməsi, özünə türkləri, “Rusiya tatarları”nı, yəhudiləri hədəf seçməsi təsadüfi deyildi:
“O, növbəti dəfə əlinə düşən “əlverişli imkan”dan yararlanaraq, faşizmin “yarımçıq qalan işini” başa çatdırmaq üçün öncə Cənubi Qafqazı, daha sonra isə bütün dünyanı qana bürümək niyyəti güdürdü. Lakin bu proses Azərbaycan dövlətçiliyinin inkişafı, iqtisadi, hərbi və diplomatik müstəvidə seçilən strategiya, həyata keçirilən ardıcıl siyasət nəticəsində, bu dəfə sadəcə iflasa uğramadı, məhv edildi, ayaqlar altına atıldı. Noyabrın 8-də Azərbaycanda Zəfər, 9-da isə Bayraq günləridir. İki böyük bayram xalqımıza qarşı həyata keçirilən ədalətsizliklərə rəğmən ard-arda düzülüb və İlahi Ədalətin, Milli İradənin təntənəsini nümayiş etdirir. Lakin tarixdə noyabrın 9-u ilə bağlı olan başqa bir gün də var. Almaniyada və Avstriyada 1938-ci ildə yəhudilərə qarşı soyğunların, qətliamların başladığı “Büllur gecə”, yaxud “Qırılmış vitrinlər gecəsi”... Bundan 20-21 il öncə isə isə erməni faşistlərinin - Andranik, Amazasp, Dro və Njdenin rəhbərlik etdikləri cinayətkar hərbi birləşmələr öncə Ərzurum və Qarsda, sonra isə İrəvan quberniyasında və Zəngəzurda azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmişdilər. “Büllur gecə”dən 20 il öncə, 1918-ci ilin əvvəllərində İrəvan quberniyasında 198 kənd yerlə bir edilmiş, 135 min azərbaycanlı qətlə yetirilmişdi. Bu səbəbdən, 1930-cu illərdə Dro və Njdenin Alman Nasional Sosialist Fəhlə Partiyasının hakimiyyətə sahiblənməsindən vəcdə gəlmələri “təbii” qəbul oluna bilər. Alman faşistlərinin 1938-ci ildə başlatdığı soyğun və qətliamları onlar 20 il öncə tarixi Azərbaycan torpaqlarında həyata keçirmişdilər”.
E.Mirzəbəyli vurğulayıb ki, ona görə, faşizm üzərində yekun qələbə 1945-ci ilin mayın 9-da yox, 2000-ci ilin noyabrın 8-də çalınıb:
“1941-45-ci illərdə alman faşizminə qarşı savaşın ön sıralarında olan Azərbaycan xalqı 300 mindən çox övladını bəşəriyyətin xilası naminə qurban verdi. 2020-ci il sentyabrın 27-dən başlayan və noyabrın 8-dək davam edən Vətən Müharibəsində, yenə də xalqımızın qəhrəman övladları erməni faşizminə qarşı ölüm-dirim mübarizəsinə qalxdılar. Faşizmin atası sayıla biləcək erməni millətçilərini, onların bəşəriyyətin qan gölündə boğulmasına xidmət edən ideyalarını darmadağın etdilər. Şübhə etmirəm ki, zaman keçəcək, bölgə xalqları, bütövlükdə isə bəşəriyyət Azərbaycan xalqının və Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığı müqəddəs müharibənin əhəmiyyətini daha dərindən başa düşəcəklər. Zəfərimiz, bayrağımız, bayramımız mübarək olsun!”.