Novxanıda qətlə yetirilmiş şəxsin yaxınları axtarılır - FOTO

Sumqayıt Şəhər Prokurorluğunda Əlixanov Ramin Fərman oğlunun 2021-ci ilin sentyabrın 28-də saat 23:00 radələrində gözətçi işlədiyi Sumqayıt şəhəri, Novxanı bağları, 2 aprel küçəsi, V massivi, ev 319 ünvanında aralarında yaranmış mübahisə zamanı şəxsiyyəti istintaqla müəyyən olunmayan şəxsi evin həyətindən götürdüyü külünglə qəsdən öldürməsi faktına görə 2021-ci ilin 29 sentyabrında Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə ibtidai istintaq aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Meyitin xarici müayinəsi zamanı əynində tünd göy rəngli şalvarın olması, boyunun uzunluğu 163 sm, gözlərinin qəhvəyi rəngli olması, 45-60 yaşlarında bədən səthində hər hansı fərqləndirici iz və ya ləkənin olmaması müəyyən edilib.

Həyata keçirilmiş intensiv əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, öldürülmüş kişinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Odur ki, fotoşəkildəki şəxsi tanıyanlardan 961, 050-412-02-01 və 018-654-01-54 nömrələri ilə əlaqə saxlaması xahiş olunur.