Polis rəisləri məktəbdə - FOTO


Xızıda və Xaçmazda polis əməkdaşları məktəblilərlə görüşüb.
Oxu.Az xəbər verir ki, Xızı və Xaçmaz rayonlarında narkomaniya əleyhinə profilaktik tədbirlər davam etdirilir. Həmin rayonların polis şöbələrinin əməkdaşları bir sıra məktəblərdə “Gənclər narkotikə yox deyir” mövzusunda tədbir keçirib.

Tədbirdə çıxış edən Xızı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Faiq Hüseynov və Xaçmaz RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar verib. Narkotikin insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açılıb. Eyni zamanda rayonlar ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlərdə çıxış edən digər qurumların nümayəndələri də ölkəmizin gələcəyi olan şagirdlərin sağlam düşüncəli vətəndaş kimi yetişməsi üçün onları zərərli vərdişlərdən uzaq durmağa çağırıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.