Qarşılıqlı etimad mühiti yaradılır

Tanınmış xadimlərin, ziyalıların topluma təsir imkanları böyükdür

Azərbaycan-Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü sülh müqaviləsinin imzalanmasına ciddi əsaslar yaradır

Məlumdur ki, dekabrın 23-24-də Moskva şəhərində Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında görüş keçirilib. Təmas Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təşəbbüsü və iştirakı ilə baş tutub. Görüşdə iki xalq arasında gərginliyi azaltmaq istiqamətində atılacaq addımlar müzakirə edilib. Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər. Analoji görüşün gələn ilin əvvəlində də keçirilməsinə dair razılıq əldə edilib. 

Xatırladaq ki, bu ilin oktyabr-noyabr aylarında da Azərbaycan-Ermənistan nümayəndələri arasında təmaslar reallaşıb. İlk təmas Avropa Birliyinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın siyasi ekspertlərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi ilə baş tutub. Gürcüstanın Kaçreti bölgəsində keçirilən görüşdə Azərbaycan tərəfdən Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov və “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev, Ermənistan tərəfdən isə siyasi ekspert Stepan Qriqoryan, akademik Aleksandr Manasyan və digərləri  iştirak ediblər. Daha sonra Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan nümayəndələri bir araya gəliblər. Görüşdə siyasi partiyaların üzvləri və deputatlar iştirak ediblər. Avstriya hökuməti və ekspert cameəsi tərəfindən təşkil edilən görüşdə müharibədən sonrakı dövrdə nizamlanma məsələləri müzakirə olunub. 
Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri arasında keçirilən görüşlərlə bağlı “Şərq”ə danışan millət vəkili Elman Nəsirov deyib ki, torpaqlarımız işğal altında olarkən “xalq diplomatiyası” adı altında keçirilən görüşlər, təmaslar uğursuz olub. Çünki Ermənistanın ozamankı rəhbərliyi münaqişənin həllində qətiyyən maraqlı deyildi: 

“İndi tamam başqa vəziyyət formalaşıb. Artıq öz torpaqlarımızın sahibiyik. Bölgədə formalaşan yeni reallıqlar Azərbaycan-Ermənistan arasında “xalq diplomatiyası”nın elementlərinin tətbiqini zəruri edir. 

Rəsmi Bakının qarşısında duran mühüm vəzifələrdən savaşla bərabər sonra sülhü də qazanmaqdır. Sülhün yaranması prosesində ictimaiyyət nümayəndələrinin təması önəmli rol oynayır. Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli danışıqlarda bu istiqamətdə müəyyən razılaşmalar oldu. Razılaşmalardan biri demarkasiya və delimitasiya, digəri nəqliyyat kommunikasiya xətlərinin bərpası, üçüncüsü isə humanitar məsələlərlə bağlı idi. İki xalq arasında etimad mühiti formalaşmalıdır. Etimad mühitini yaratmaq üçün isə bu cür təmaslar vacibdir. Xatırladım ki, torpaqlarımız işğal altında olarkən Ermənistan nümayəndə heyəti Bakıya gəlmişdi. 

Ermənilər görüşdən geri qayıtdıqdan sonra burada gördükləri müsbət yeniliklərdən danışmağa başladılar. Nəticədə Ermənistanın siyasi rəhbərliyi təmasların qarşısını aldı və sonrakı görüşlərin keçirilməsinə imkan vermədi. Ancaq indiki Ermənistan rəhbərliyi bu prosesin qarşısını almaqda maraqlı deyil. Əksinə, post-münaqişə dövründə real addımların atılmasının tərəfdarı kimi çıxış etməkdədir. Paşinyan başa düşür ki, iki xalqın ziyalıları arasında keçirilən görüşlər revanşistlərin mövqeyini zəiflədə bilər. Tanınmış xadimlərin, ziyalıların toplumdakı ictimai rəyə təsir imkanları böyükdür”. 

Parlament üzvü vurğulayıb ki, iki tərəf də anlayır ki, bu cür təmasları dərinləşdirmək lazımdır: “Azərbaycan-Ermənistan müdafiə nazirlikləri arasında birbaşa təmaslar mövcuddur. Hava məkanları qarşılıqlı şəkildə açılıb.

 Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün xüsusi nümayəndələr təyin olunub. Bütün bunlar etimad mühitinin formalaşması ilə bağlı münbit şərait yaradır. Sülh müqaviləsinin imzalanması yönündə ciddi əsaslar yaradır. Danışıqların alternativi müharibədir və növbəti savaş Ermənistanın sonu deməkdir”.