“Prezidentimizin dediyi kimi, Polad Həşimov əbədi yaşayacaq”

Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Prezident İlham Əliyev Forumda iştirak edib. Prezident gənclərin ona ünvanladığı sualları cavablayıb. Həmin gənclərin arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aybəniz Həşimova da olub. O, ölkə rəhbərinə öz minnətdarlığınıı bildirib.

“Sizi görmək fürsətindən istifadə edərək, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə sizə təşəkkür etmək istəyirəm”.

Prezident İlham Əliyev öz təəssüratlarından bəhs edib:

“Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər var idi. Gördüm bir binanın üstündə onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim, onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm ümumiyyətlə gələcək haqqında öz sözlərimi dedim.

Onun qanı yerdə qalmamalı idi və qalmadı. Biz onun qisasını aldıq və döyüş meydanında aldıq. Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Mən onun bir hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Mən şəxsən onu yüksək mükafatlarla təltif edirdim. Mən sevinirdim ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir.

Deyə bilərəm ki, onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda, onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı azad etməliyik. Onsuz da biz bunu bilirdik və mən artıq bunu demişəm. Sirr deyil, uzun illər artıq mən görürdüm ki, danışıqlar yolu ilə, mənasız, boş-boş danışıqlar yolu ilə bu məsələ həll olunmayacaq. Danışıqlardan nə üçün çıxmırdıq, onu da deməliyəm. Çünki biz əgər danışıqlardan çıxsaydıq, başlayacaqdılar bizi ittiham etməyə. Onsuz da bu məsələ ilə məşğul olanlar fürsət axtarırdılar ki, bütün o yükü yıxsınlar bizim üzərimizə. Onsuz da 1993-cü ildə qəbul edilmiş 4 qətnaməni elə bil ki, kənara qoymaq istəyi olmuşdur. Halbuki, orada açıq-aydın göstərilir ki, erməni qüvvələri dərhal və qeyd şərtsiz bizim torpaqlarımızdan çıxmalıdır. Ona nəinki əməl edilmədi, eyni zamanda, biz onu unutdurmaq istəyi ilə də üz-üzə gəldik. Ona görə mən çoxdan bilirdim ki, müharibə qaçılmazdır. Ordumuzun gücləndirilməsi və bütün digər tədbirlər bu məqsədi güdürdü. Ancaq Polad Həşimovun qəhrəmancasına və onunla bərabər digər qəhrəmanlarımızın həlak olması bir daha bütün xalqı da, eyni zamanda, sarsıtdı və hərəkətə gətirdi. Çünki müharibəni aparmaq üçün bütün amillər olmalıdır, bütün amillər - güc, iradə, cəsarət, vətənpərvərlik və xalqın, necə deyərlər, birliyi və xalqın hazır olması. Baxın, bizdə müharibə dövründə bir nəfər də fərari olmamışdır. Amma Birinci Qarabağ müharibəsində olmuşdu. Nə üçün? Çünki o vaxt inam yox idi. O vaxt müharibə gedə-gedə ovaxtkı iqtidar Gəncəni bombalayırdı. Təsəvvür edirsənmi? Burada torpaqlar əldən gedir, bunlar isə bax, burada, Bakıda oturan iqtidar Gəncəni bombalayırdı və Azərbaycan əsgərlərini əsir götürmüşdü. Belə iqtidarla müharibəni udmaqmı olardı? Əlbəttə ki, yox. İnam yox idi və orada torpaqlar əldən gedirdi, burada isə bu yaxın yerlərdə, bu Milli Məclisin qabağında mitinqlər təşkil edirdilər, biri-birini ittiham edirdilər, boş-boş sözlər deyirdilər, vədlər verirdilər. Hamısı da boş idi. Ona görə xalq da hazır olmalı idi. Polad Həşimov öz şəhadəti ilə, deyə bilərəm ki, xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı. Əgər bu olmasaydı, müharibəni belə aparmaq çətin olardı. Ona görə Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir. İlk növbədə, sənin üçün, sənin yaxınların üçün. Amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub, var və xalqımızın qəlbində əbədi yaşayacaq”

Prezidentin çıxışı ilə bağlı “Sherg.az”a açıqlama verən Qarabağ qazisi Kamil Musəvi ölkə başçısının fikirlərinə qatıldığını bildirib:

“Polad Həşimovu şəhid olmazdan əvvəl tanımışam. Korpuzumuzun Qərargah rəisi olub. O, mən yaralanan vaxtı  hərbi xidmətdə fərqlənməyə görə medalı sinəmə taxıb. Xidmətinə, savadına, insanlığına bələd idim. Ona görə də, cənab Prezident İlham Əliyevin dediklərini yüksək qiymətləndirirəm. Tam əminliklə deyə bilərəm ki, o insan deyilən hər bir müsbət sözə layiqdir.  Prezidentimizin dediyi kimi, bu gün aramızda olmasa da, həmişə qəlbimizdə olacaq, vətənini, millətini sevənlərin yaddaşından silinməyəcək, əbədi yaşayacaq”.

Cəmilə ƏZİM