Prezident və Birinci vitse-prezident Suqovuşanda! - "Bu, genetik kod üzərindən qayıdışımızın hökmünü daşıyır"

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırıblar.Daha sonra dövlət başçısı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli məsələ ilə bağlı "Sherg.az" a danışarkən bildirib ki,bu işğaldan azad edilmiş bölgələrimizdə, müharibə nəticəsində tərk edilmiş Azərbaycan ərazilərində bayram tonqallarının yandırılacağına işarədir: 

"Bu işarə böyük qayıdışın ilk qaranquşudur. Bütövlükdə Azərbaycanlıların Qarabağa, Zəngəzura,dədə-baba torpaqlarına, qayıdışının xəbərçisidir" . 

Onun sözlərinə görə, Azərbaycan insanının genetik kodunda müqəddəs yerə malik olan tonqal xüsusi mahiyyət daşıyır:
"Tonqal yanırsa istilik var . İstilik varsa yemək, yemək varsa ev, ev varsa ailə, ailə varsa Vətən var. Bu hadisə genetik kod üzərindən bizim qayıdışımızın, Ali Baş Komandanın rəhbərliyi altında İkinci Qarabağ savaşındakı məğrur qələbə işartısının əbədiyyən Azərbaycan xalqının taleyinə yaymaq hökmünü daşıyır".