Gözlər BRÜSSELDƏ! –  Sülh sazişi üçün işçi qrupları yaradılacaq? - ŞƏRH

“Ola bilər ki, Ermənistan bununla bərabər sərhədlərin delimitasiyası ilə bağlı məsələdə də razılığa gəlsin. Zəngəzur dəhlizi məsələsində Ermənistan birinci mərhələni uduzdu”

“İndi o şahmatdakı eniş vəziyyətindədir. Əgər o bu gərginlikdən çıxmaq istəyirsə, Zəngəzur dəhlizi ilə bağlı da razılığa gəlməlidir”

 “Ya ermənilər  yekun sülhə gəlməli, ya  da onun ağır nəticələri ilə qarşılaşmalıdır” 


Avropa İttifaqının prezidenti Şarl Mişelin rəhbərliyi ilə aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. 

Politoloq  Cümşüd Nuriyev baş tutacaq görüş barədə “Sherg.az” a danışıb. O ilk növbədə görüşün keçiriləcəyi məkana diqqət çəkib:

“Bu  tərəflər arasında Brüsseldə keçirilən ikinci görüşdür. Danışıqların Belçikada keçirilməsi Avropanın Cənubi Qafqazda sülhyaradıcı missiyasında  bir növ  prioritet istiqamətə keçməsindən irəli gəlir. Çünki indi Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qafqazı Rusiyanın siyasi dairəsindən çıxarmaq üçün əlindən gələni edir. Nəzərə alaq ki,Paşinyan Qərbə meyilli biri  kimi tanınır. Demək Qərb işini çox gözəl bilir”.  

C.Nuriyev vurğulayıb ki, hazırkı durum bütünlükdə Azərbaycanın xeyrinədir: 

“Azərbaycan Prezidenti bu görüşə təkcə Müzəffər  Ali Baş Komandan olaraq deyil,eyni zamanda 10 noyabr 2010-cu ildə  imzalanmış üçtərəfli bəyanatın yerinə yetirmək imkanı olduğunu gündəmə gətirən bir dövlət başçısı kimi gedir. 

Son zamanlar Azərbaycan ordusu təxribatların qarşısını almaq üçün Fərrux  yüksəkliyini və Fərrux kəndini, eləcə də Xocalı rayonunun Pirlər kəndini nəzarətə götürüb. Artıq ermənilərin  Ağdamın həmin bölgədə olan kəndlərinə qarşı törədilə biləcək təxribatlarının qarşısı alınıb. İndi Azərbaycan Prezidenti Alİ Baş Komandan kimi Ermənistana mesaj  verir ki, dünya BMT-nin dörd qətnaməsinə məhəl qoymadı, onu biz özümüz icra etdik. İndi də rus sülhməramlılarının icra etmədiyi 2020-ci il 10 noyabr Bəyannaməsinin  4-cü bəndini  Azərbaycan özü həyata keçirəcək.Ya ermənilər  yekun sülhə gəlməli, ya  da onun ağır nəticələri ilə qarşılaşmalıdır”. 

Professor Brüsseldə reallaşacaq ikinci görüşdən böyük nəticələr gözlədiyini diqqətə çatdırıb:

 “Ən azı sülh sazişinin hazırlanması üçün işçi qruplarının yaradılması gündəmə gələcək. Ola bilər ki, Ermənistan bununla bərabər sərhədlərin delimitasiyası ilə bağlı məsələdə də razılığa gəlsin. Zəngəzur dəhlizi məsələsində Ermənistan birinci mərhələni uduzdu. İndi o şahmatdakı eniş vəziyyətindədir. 

Əgər o bu gərginlikdən çıxmaq istəyirsə, Zəngəzur dəhlizi ilə bağlı da razılığa gəlməlidir. Amma  Ermənistanın ikiüzlü siyasətinə bələd olan biri kimi  hələlik bunu o qədər də real görümürəm”.