“Zəngəzur dəhlizinin açılması Ermənistan üçün şansdır”

“Ermənistanın gələcəyi Rusiya yox, Azərbaycan və Türkiyə ilə bağlıdır”

Azərbaycan  Prezidenti İlham Əliyevin sədrliyi  ilə aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə bir sıra mövzulara toxunan ölkə başçımız yekun nitqində Zəngəzur dəhlizinə diqqət çəkib: 

“Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılıb.İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır”.Prezident  diqqətə çatdırıb ki,Ermənistan bizim planlarımızı əngəlləyə bilməz :“Əgər Zəngəzur üzərindən bizə keçid verməsə,özü itirəcək və birinci növbədə,10 noyabr Bəyannaməsini pozmuş olacaq”.

Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri  Səməd Seyidov bu barədə “Sherg.az”a danışarkən qeyd edib ki, məlum müşavirədə həm Azərbaycanın iqtisadi uğurları, həm  də qələbəmizin beynəlxalq səviyyədə qəbul olunması faktaları bir-bir sadalanıb:

“Burda ən vacib məqamlardan biri də Cənab Prezident tərəfindən Ermənistanın rəsmi Bakının təklif etdiyi sülh müqaviləsinə razılıq verməsi, masaya əyləşmə razılığı və bu istiqamətdə konkret addımların atılması ilə bağlı səsləndirdiyi fikirlər olub. Müşavirədə Azərbaycanı və dünya ictimaiyyətini maraqlandıran mövzular üst-üstə düşüb. Ermənistanı isə həm Azərbaycan, həm də dünya tərəfindən sülhə dəvət etmə əks halda sülhə məcbur etmə məsələsi gündəmə gəlib”. 

Parlament üzvü vurğulayıb ki, artıq bizim qələbəmiz dünya tərəfindən qəbul olunub və hazırda Azərbaycan bu qələbənin yeni reallığının tam şəkildə həyata keçirilməsi üçün lazım olan məsələləri həll edir:

 “Azərbaycan onsuzda öz məqsədlərinə çatacaq. Cənab Prezident də bunu vurğulayıb. Rəsmi İrəvan öz gələcəyini Rusiya və ya Qərblə əlaqələndirməyə çalışır. Ermənistanın gələcəyi artıq Rusiya ilə deyil, məhz Azərbaycan və Türkiyə ilə bağlıdır. Qərblə əlaqə qurmaq istəyən Ermənistanın yolu isə yalnız Azərbaycan və Türkiyədən keçir”. 

 S.Seyidovun sözlərinə görə, Ermənistan normal dövlət olmaq istəyirsə, bunun üçün hazırda Azərbaycanın təklif etdiyi layihələrə qoşulmalıdır. Həmin layihələlərin də ən əhəmiyyətlilərindən biri Zəngəzur dəhlizidir:

 “Bu dəhliz nə qədər tez açılsa, Ermənistan üçün bir o qədər yaxşı olacaq. Zəngəzur dəhlizi Ermənistan üçün yaradılmış şansdır. Ona bu şansdan düzgün istifadə etmək qalır”.