Prezident Şuşada mesajını verdi! - "İrəvanın qurtuluşu Bakının tələblərinə razılıq verməkdən keçir”

Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edərkən növbəti dəfə erməni revanşistlərinə sərt xəbərdarlıq edib. Dövlət başçısı vurğulayıb ki, revanşist qüvvələr bilməlidir ki, bu, Ermənistan üçün bəlkə də son şansdır: “Ermənistanda hərdən bir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır”. Ölkə rəhbəri bildirib ki, əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik: “İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq, Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”. 

Dövlət başçısının diqqət çəkdiyi məqamı “Sherg.az” dəyərləndirən millət vəkili Ceyhun Məmmədov deyib ki, Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq etdi. 
Deputat xatırladıb ki, Azərbaycan tərəfi Ermənistana sülh prosesi ilə bağlı 5 prinsip təklif edib: 

“İrəvan çalışmalıdır ki, vaxtı yubatmadan prinsipləri qəbul etsin və sülhə öz töhfəsini versin. Əgər bunu etməsələr, rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. O zaman bizim üçün əlavə yol qalmır. Biz bundan sonra daha 30 il gözləyəsi deyilik. Ermənistan öz təxribatlarına son qoymalıdır. Azərbaycanın prinsiplərini və şərtlərini qəbul etməlidir. Əslində bugün Ermənistanın özündə də vəziyyət kifayət qədər kritikdir. Ona görə də İrəvan hökumətinin yeganə çıxış yolu sülh prosesinə başlamaq və münasibətlərin normallaşmasına öz töhfəsini verməkdir. Revanşist qüvvələr də 44 günlük müharibədən nəticə çıxartmalıdır. Əgər erməni tərəfi təxribatlarını davam etdirirsə, Ermənistan üçün yaxşı olmayacaq. Ən kiçik təxribat cəhdinin qarşısı alınacaq və cavabı çox kəskin olacaq. İrəvanın qurtuluşu masaya oturmaqdan, rəsmi Bakının tələblərinə razılıq verməkdən keçir”.