Zəfər Qurultayı  Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcıdır - TƏHLİL

"V Qurultayın  Şuşa şəhərində keçirilməsi tarixi məna daşıyır"

"Dünya Azərbaycanlılarının V Qurultayının böyük Zəfərimizi simvolizə edən Şuşa şəhərində keçirilməsi, Prezident İlham Əliyevin öz nitqində qeyd etdiyi kimi tarixi məna daşıyır".

"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 

Analitik bildirib ki, 2001-ci ildə Hedər Əliyevin təşəbbüsü ilə baş tutan ilk qurultayda, Dünya Azərbaycanlılarının Həmrəyliyi ideyasının banisi ulu öndər hər bir soydaşımızın tarixi missiyasının ərazi bütövlüyümüzün təmin edilməsindən ibarət olduğunu vurğulamışdı: 

"Ulu Öndər böyük inamla torpaqlarımızın işğaldan azad ediləcəyinə, xalqımızın öz dədə-baba yurdlarına qayıdacağına əmin olduğunu bildirmişdi. Bu baxımdan, Şuşada keçirilən Zəfər Qurultayını bu əminliyin, həmçinin gələcək nəsillərə, Heydər Əliyevin elan etdiyi tarixi missiyanı əzmlə, qətiyyətlə davam etdirən siyasi və mənəvi varislərə olan böyük inamın təntənəsi kimi dəyərləndirsək, düşünürəm ki, tarixi gerçəkliyi dəqiqliklə ifadə etmiş olarıq. Bu xüsusda tarixə nəzər salmaq, bizi Zəfərə doğri aparan yolun hər qarışına çəkilən zəhmətin böyüklüyü, nümayiş etdirilən əzmin, qətiyyətin miqyası, hədəfləri nişan verən iti zəkanın, idrakın və xarakterin gələcək nəsillərə örnək ola biləcək xüsusiyyətləri haqqında sonsuza qədər yazmaq olar. Amma indiki məqamda Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına və bütövlükdə dünya azərbaycanlılarına nişan verdiyi, gələcəyimizin inkişaf dinamikasının strategiyasını müəyyənləşdirəcək hədəflərdən söz açmaq istəyirəm. Bu hədəflərdən birincisi, şübhəsiz ki, 44 günlük Vətən müharibəsində və daha sonra nümayiş etdirdiyimiz milli birliyin, həmrəyliyin, mübarizə əzminin qorunub saxlanılmasıdır. Çünki məğlub ölkə və onun himayədarları hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər. Şübhəsiz ki, Azərbaycan Ordusu müharibədən keçən dövr ərzində daha da güclənib, modernləşib. Daim müasir dövrün çağırışlarına adekvat olaraq inkişaf etməkdədir. Silahlı Qüvvələrimiz istənilən təhdidin qarşısına ala, torpağımıza dikilən gözləri oya bilər. Amma Vətəni, dövləti, ordunu güclü edən ona içdən, könüldən bağlı olan insanların mənəvi birliyi, həmrəyliyi, mücadilə əzmidir".

E.Mirzəbəyli qeyd edib ki, hədəflərimiz və onların qarşısında dayanan maneələr böyükdür, amma varılmaz, keçilməz deyil: 

"Yetər ki, arxayınlaşmayaq, haqdan, ədalətdən və Vətənimizə olan sevgidən ilham alan mücadiləmizi yorulmadan, usanmadan, fasiləsiz bir şəkildə davam etdirək. Yolumuza eyni əzmlə, eyni prinsipiallıqla davam etməli, mücadiləmizi qurucu, yaradıcı enerjiyə çevirməli, harada yaşamağımızdan asılı olmayaraq, düşüncəmizdə, sözümüzdə, əməlimizdə Azərbaycanımızı yaşatmalıyıq. Bir olmalı, diri olmalı, iri olmalıyıq! Millət, xalq öz arzularının, hədəflərinin böyüklüyü ilə böyüyür! Mücadiləsinə sahiblənən gələcəyinə sahiblənir! Dövlət başçısının nişan verdiyi digər hədəf isə tariximizin sistemli bir şəkildə öyrənilməsi, nəsillərdən-nəsillərə olduğu kimi, təhrif edilmədən ötürülməsi ilə bağlıdır. Çünki tarixin hər anı insanların, millətlərin, dövlətlərin talelərinə bağlıdır. Onun bircə anını belə kəsib götürə bilməzsən. Tarixə ədalətli münasibət göstərmədən gələcəyə qədəm qoymaq mümkün deyil. Unutmağa çalışdığın zaman kəsiyi səni hər zaman, onu layiqincə dəyərləndirdiyin ana qədər izləyəcək. Bu baxımdan, tariximizə münasibət ilk növbədə öz tərcümeyi-halımıza, keçdiyimiz yola sayğıyla yanaşmağımız deməkdir. Tarix həm də nəsillərarası körpülərin dayaq sütunudur. Tarixini bilməyən xalqın keçmişi ilə bu günü, bu günü ilə gələcəyi arasındakı bağlar qırılır, nəsillər bir-birindən qopur və son nəticədə assimilyasiyaya uğramış fərdlərin təşkil etdiyi kültlə onun üçün hazırlanmış istənilən qəlibə uyğunlaşır, yırtıcı mədəniyyətlərin yeminə çevrilir. Yırtıcı mədəniyyətlərin yeminə çevrilməməyin yollarından biri və bəlkə də birincisi, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının öz ana dilini mükəmməl şəkildə bilməsi və qürur duymasıdır. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil. Özündə bir xalqın qan yaddaşını, tarixini, mədəniyyətini daşıyan, onun dünyagörüşünü formalaşdıran ən önəmli faktordur. Dil yoxdursa millət də yoxdur, onun tarixi də, mədəniyyəti də... Bu baxımdan, Prezident İlham Əliyevin Ana dili ilə bağlı tövsiyyələrini azərbaycanlı olmağın və azərbaycanlı qalmağın düsturu kimi də qiymətləndirmək olar. Zəfər Qurultayı, şübhəsiz ki, Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcıdır. Söhbət təkcə bu Qurultayın işğaldan azad edilmiş ərazilərimizdə, mədəniyyətimizin paytaxtı Şuşa şəhərində keçirilməsindən getmir. Səsləndirilən mesajlar, nişan verilən hədəflər entuziazm, dağınıq fərdi təşəbbüslərlər və xaotik çırpıntılar “mərhələsi”nin geridə qaldığını təsdiqləyir. İndi yol xəritədən, sistemli və peşəkar fəaliyyətdən keçir. Yolumuz uğurlu olsun".