"Ermənistan Azərbaycanın təkliflərini qəbul edib"

Prezident İlham Əliyev: "Əgər sülh razılaşması imzalansa və bu baza prinsipləri tanınsa, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq" 

“Aparıcı beynəlxalq təşkilatların yeni reallıqları qəbul etməsi çox vacibdir”. Bu barədə Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. Ölkə başçısı vurğulayıb ki, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək planları barədə məlumat verilib: “Planlar həqiqətən də böyükmiqyaslıdır və büdcəmizdən maliyyə vəsaiti ayıraraq, öz imkanlarımız hesabına və beynəlxalq şirkətlərin dəstəyi ilə həyata keçirilir. 

Bununla yanaşı, keçən il aprel ayında görüşdüyümüz və müzakirə etdiyimiz vaxtdan bəri qarşımızda duran mühüm vəzifələrdən biri yeni reallıqları gücləndirmək və regiona baxışımızı, öz iddiamızı təqdim etmək və aparıcı beynəlxalq təşkilatlarla işləmək idi. Həm də beynəlxalq ictimaiyyətin, aparıcı beynəlxalq təşkilatların yerlərdə yeni reallıqları qəbul etməsi çox vacibdir”.

"Ermənistan əhalisi sülhün zəruriliyini anlayır"

Dövlət başçısı qeyd edib ki, Azərbaycan aktiv şəkildə Cənubi Qafqazda yeni eranı müdafiə edir: “Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Hökumət Azərbaycanın irəli sürdüyü Ermənistanla sülh razılaşmasının təməli olacaq 5 baza prinsipini qəbul etdi. Eyni zamanda, Azərbaycanın təklifi əsasında Ermənistan nəhayət sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə İşçi qrupun yaradılmasına razılaşdı. Düşünürəm ki, bunlar vacib əlamətlərdir. İkinci Qarabağ müharibəsindən ötən il yarım ərzində Ermənistan liderliyi və mən ümid edirəm ki, əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh razılaşması imzalansa və bu baza prinsipləri tanınsa, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Biz bunu istəyirik. Mən düşünürəm ki, bizim nümayiş etdirdiyimiz və bəyan etdiyimiz Qafqazda sülhə töhfə vermək niyyətimizin aydın nümunəsidir”.

“Şuşa Bəyannaməsini imzalamaqla Türkiyə ilə bir olduğumuzu bəyan etdik”

Prezident bildirib ki, ötən ilin iyununda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla imzalanan Şuşa Bəyannaməsi qardaşlığımızın və əməkdaşlığımızın bariz nümunəsidir: “Bu gün biz bu əməkdaşlığı bütün formatlarda rəsmiləşdirdik.
Azərbaycanın Türkiyə ilə bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində müttəfiq olduqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Şuşa Bəyannaməsi ilə biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik”.

“Biz Qafqazda sülh gündəliyini müdafiə edirik”

Azərbaycan rəhbəri vurğulayıb ki, biz Qarabağı yenidən inşa edirik, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik: “Çünki bu olmadan böyük miqdarda maliyyə resurslarının ayrılması asan olmayacaq. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini müdafiə edirik. Mən düşünürəm ki, bu yolda təşəbbüslər bizim əlimizdədir. Bu təşəbbüslər sülhə xidmət edir və etməlidir”. Dövlət başçısı qeyd edib ki, Zəngilan hava limanı bu il, Laçın hava limanı isə yəqin ki, 2024-cü ildə istifadəyə veriləcək.

“Bu cür konfransların azad edilmiş digər şəhərlərdə də keçirilməsi daha effektiv olar”

Dövlət başçısı qeyd edib ki, əsas məsələ beynəlxalq ictimaiyyətin baş verənlərlə, həqiqətlə, bizim planlarımız və niyyətlərimizlə yaxından tanış olmasıdır: “Düşünürəm ki, bu interaktiv görüşlər, konfranslar digər şəhər və rayonlarda, məsələn, Ağdamda, Zəngilanda və işğaldan azad olunmuş başqa şəhərlərdə də keçirilə bilər, bu, daha effektiv olar. Əminəm ki, bu ənənəvi toplantı formatı bundan sonra da davam edəcək. Ola bilsin ki, bu həm də müntəzəm olaraq keçiriləcək Şuşa Beynəlxalq forumları arasında qarşılıqlı əlaqənin bir növü ola bilər. Çünki beynəlxalq ictimaiyyətin baş verənləri, işğal illəri haqqında tam həqiqəti və sülh qurmaq planlarımızı və niyyətlərimizi bilməsi vacibdir”.

“Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir”

Prezident bəyan edib ki, əsas konsentrasiyamız Qarabağın yenidən necə inşa edilməsi, keçmiş məcburi köçkünlərin mümkün qədər necə tez bir zamanda qayıtmasına yönəlib: “Eyni zamanda, bizim ictimaiyyətə bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmiş sülh gündəliyimiz və təşəbbüslərimiz regional inkişafa, Cənubi Qafqazda regional inkişaf üçün yeni fürsətlərə hədəflənib. Sadəcə, Azərbaycan və Ermənistan arasında deyil - əlbəttə, bu, regional əməkdaşlığın ən vacib elementlərindən biridir – bütün Cənubi Qafqazın inkişafına yönəlib. Biz bu imkanı separatizmə, Ermənistanın aqressiyasına görə 30 il ərzində itirmişik və Cənubi Qafqaz inteqrasiya edə bilməyib. Bəli, burada ikitərəfli və beynəlxalq səviyyədə vacib olan Azərbaycan və Gürcüstan arasında çox yaxın əməkdaşlıq var. Amma eyni zamanda, Ermənistanda bu başa düşülməlidir ki, onlar bu regionda təcrid edilmiş ada kimi yaşamağa davam edə bilməzlər, onların bizimlə əlaqələri normallaşdırmağa ehtiyacı var, onlar Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidirlər və Cənubi Qafqazda üçtərəfli səviyyədə istənilən əlaqələrlə bağlı heç bir tərəddüd etməməlidirlər”.

“Minatəmizləmə sahəsində daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var”

Ölkə başçısı qeyd edib ki, ərazilərimizin minalarla çirkləndirilməsi böyük problemlərdən biridir: “Müharibə başa çatdıqdan sonra 200-dən çox hərbi və mülki şəxs, əfsuslar olsun ki, mina hadisələri nəticəsində ya həlak olub, ya da ciddi xəsarətlər alıb. Minaların müharibə başa çatdıqdan sonra da ermənilər tərəfindən ərazilərimizdə yerləşdirildiyini vurğulayan Azərbaycan Prezidenti bildirib. Ötən il azərbaycanlı iki jurnalist Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində həlak olub. Həmin ərazilərin mianalardan təmizlənməsinin çox çətin və uzunmüddətli proses olduğunu vurğulayan dövlətimizin başçısı bunun üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının sayının artırıldığını, ən müasir avadanlığın, o cümlədən dronların alındığını deyib. Türkiyənin bir qrup mütəxəssisinin minatəmizləmə əməliyyatlarında iştirak etdiyini bildirən Prezident İlham Əliyev bu sahədə daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu diqqətə çatdırıb.

“Ermənistan hökuməti tərəfindən sülhlə bağlı müxtəlif bəyanatlar irəli sürülməkdədir”

Prezident deyib ki, Ermənistan hökuməti sülh gündəliyini elan edib: “Bu, çox mühüm bir məsələdir. Eyni zamanda, biz konkret işlər, tədbirlər də görməliyik. Düşünürəm ki, hazırda biz bu tədbirləri görürük, Ermənistan hökuməti tərəfindən sülhlə bağlı müxtəlif bəyanatlar irəli sürülməkdədir”. Dövlət başçısı bildirib ki, bu bəyanatlar yeni reallıqlara və heç şübhəsiz, beynəlxalq hüquq prinsiplərinə əsaslanır ki, biz hər zaman bu prinsipləri təbliğ etmişik: “Reallıqlar dəyişdikdən bəri bu reallıqlar artıq vasitəçilər tərəfindən qəbul edilməkdədir”.

“Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri bizim milli maraqlarımıza əsaslanır”

Ölkə rəhbəri bildirib ki, Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri bizim milli maraqlarımıza və maksimum səviyyədə nailiyyətlərə əsaslanır: “Biz regionumuzda təhlükəsizlik və əməkdaşlıq barəsində bu günümüzün və gələcəyimizin ayrılmaz bir hissəsi kimi düşünməliyik. Çünki təhlükəsizlik olmadan əməkdaşlıq, iqtisadi faydalar olmayacaq. Azərbaycanın öz resurslarına əsaslanan iqtisadi performansı da həmçinin sabitlikdən, təhlükəsizliyin bir hissəsi olan uzunmüddətli sabitlikdən qaynaqlanır”.

“Moskva Bəyannaməsi bizim strateji maraqlarımıza əsaslanır”

Prezident vurğulayıb ki, Moskva Bəyannaməsinin imzalanması strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur: “Rusiya İkinci Qarabağ müharibəsinə son qoyulmasında aktiv şəkildə iştirak edən ölkədir. Rusiyanın sülhməramlıları müvəqqəti Azərbaycan ərazilərində yerləşib. Üstəlik, Rusiya ilə illərdir çalışdığımız iqtisadi, enerji, nəqliyyat, mədəni, humanitar sahələr üzrə genişmiqyaslı məsələlər var. Əlbəttə, biz Rusiyadan hərbi vasitələr alırıq, əlbəttə, doğrudur biz onları ödənişsiz əldə edən Ermənistandan fərqli olaraq, bazar dəyərinə alırıq. Bunlar dırnaqarası kreditlər hesabına ödənilirdi, amma bu kreditlər heç vaxt qaytarılmayıb. Fərq budur. Amma eyni zamanda, düşünürəm ki, bu, regional oyunçulara bir növ mesajdır ki, burada sülh olmalıdır. Türkiyə və Rusiya – hər ikisi müharibədən sonra regiondakı yeni konfiqurasiyada iştirak etdilər. Bilirsiniz ki, vəziyyəti müşahidə etmək üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir. Düşünürəm ki, tarixdə ilk dəfədir ki, belə bir tənzimləmə mümkündür. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələri – biz indi görürük ki, Prezident Ərdoğan Ukraynada atəşkəs üçün vasitəçilik edir. Beləliklə, bütün bunlar regional təhlükəsizliyə və sabitliyə xidmət edir və eyni zamanda, bizim əməkdaşlığımızın müstəqil xarakterini nümayiş etdirir”.

“Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün proqnozlaşdırılması mümkün olmayan imkanlar açacaq”

Dövlət başçısı bəyan edib ki, Ermənistanın üçtərəfli görüşün keçirilməsi haqqında Azərbaycan tərəfinin təkliflərini rədd etməsi, onların belə siyasəti heç bir məntiqə sığmır: “Bəlkə də onlara bir qədər vaxt lazımdır, onlar burada mümkün riskləri qiymətləndirməlidirlər, lakin mən hesab edirəm ki, bu, qaçılmazdır. Biz və bizim gürcü həmkarlarımız buna hazırdır. Məncə, bu, ilk addım ola bilər. Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat marşrutlarını nəzərə almaqla nə qədər inteqrasiya olunduğunu bilirsiniz. Mən hesab edirəm ki, Ermənistanı regional inkişafa qoşulmağa dəvət etmək imkanları da mövcuddur. Onlar bundan faydalanacaqlar. Onlar bizim enerji resurslarımıza çıxış əldə etməklə faydalana və müəyyən dərəcədə beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilə bilərlər. Bunlar, öz-özlüyündə müəyyən gəlir gətirə bilər. Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün hətta indi proqnozlaşdırılması mümkün olmayan imkanlar açacaq”.

“Bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar həll edilmiş olacaq”

Ölkə rəhbəri bildirib ki, yaxın on ildə biz daha güclü olacağıq: “Ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq. Bunun üçün fürsət və imkanlar var. Azərbaycan istər nəqliyyat, istər enerji sahəsində regional layihələrin reallaşdırılmasında, Azərbaycan-Türkiyə kontekstində üçtərəfli əməkdaşlıqda çox mühüm rol oynayır.

“Bakı və İrəvanın nümayəndələri mayın əvvəllərində Brüsseldə görüşə bilər”

Prezident bəyn edib ki, Azərbaycan və Ermənistanın nümayəndələri mayın əvvəllərində Brüsseldə görüşə bilərlər: “Mayın əvvəllərində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü təşkil etmək planı var”. Avropa İttifaqını Azərbaycanın mühüm tərəfdaşı adlandıran Prezident İlham Əliyev deyib ki, bizim çox geniş əməkdaşlıq gündəliyimiz var: “Biz Avropa İttifaqını vicdanlı aktor hesab edir və onun səylərini alqışlayırıq. İndi Minsk qrupu mövcud deyil, ona görə düşünürük ki, Avropa İttifaqı normallaşma prosesində öz rolunu oynaya bilər”.

“Bu, Ermənistan hökuməti və siyasətçiləri üçün bir şansdır”

Ölkə rəhbərinin sözlərinə görə, qabaqcıl dövlətlərdən olan, dünyanın çox az sayda aparıcı ordusundan birinə malik Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək tamamilə məntiqsizdir. Dövlət başçısı bildirib ki, biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik: “Hesab edirəm ki, bu, Ermənistan hökuməti və siyasətçiləri üçün gələcəklərini, özlərini regionda necə görmək istədiklərini düşünmək üçün bir şansdır. Lakin düşünürəm ki, onların aydın anlayışı yoxdur. Onlar ordunu yenidən qurmaq, daha da güclənmək, dövlət proqramı kimi elan etdikləri əhalinin sayını 5 milyona çatdırmaq, əraziləri geri almaq cəhdləri kimi bütün illüziyaları yerə qoymalıdırlar. Yoxsa bu, dövlətçiliyin sonu, rəsmi sonu olacaq. Biz isə müsbət tendensiyaları dəstəkləməyə hazırıq və bunu edirik. Bizim ümidlərimiz var, amma erməniləri sınamaq lazımdır, çünki onlarla heç vaxt sülh danışıqları aparmamışıq. Beləliklə, indi vaxtdır. Dediyim kimi, sülh sazişi üzrə danışıqlara hazırıq, Ermənistan hökumətindən tarix gözləyirik və başlayacağıq”.