Sülh qaçılmazdır: Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi təmin olunacaq

Erməni xalqı Prezidentin humanist çağırışlarından ciddi nəticə çıxarmalıdır

Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bir çox məqama toxunub. Dövlət başçısının diqqət yönəltdiyi mühüm mövzulardan biri də Qarabağda yaşayan ermənilərlə bağlı olub. Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan dövləti erməniləri öz vətəndaşları kimi qəbul edir. 

Prezident vurğulayıb ki, Azərbaycan Ermənistandan fərqli olaraq çoxsaylı milli azlıqların nümayəndələrinin yaşadıqları ölkədir: “Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi bütün hüquqlara və təhlükəsizlik təminatlarına sahibdirlər. Onların hamısı ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda erməni xalqının nümayəndələri də yaşayıblar və onlar heç vaxt hər hansı problemlə qarşılaşmayıblar. Buna görə də Ermənistanda azərbaycanafobiya təbliğatına son qoyulmalıdır. Ermənistanın bizimlə bağlı yaratdığı miflər heç vaxt sülhə töhfə verməyəcək”. Ölkəmizdə yaşayış standartlarının Ermənistanla müqayisədə qat-qat üstün olduğunu qeyd edən dövlət başçısı bildirib ki, Qarabağda yaşayan ermənilərdən müsbət ismarışlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb: “Müharibədən sonra baş verənlər göstərir ki, bizim heç bir pis niyyətimiz yoxdur. Əksinə, biz sülh və ərazi bütövlüyümüzün tanınmasını istəyirik. Onlar vahid Azərbaycan dövlətində iqtisadi inkişafda iştirak edə, özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Amma bunun üçün ilk növbədə separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər. Bunun da faydasını görəcəklər”. 

Ölkə rəhbərinin toxunduğu məqamı “Şərq”ə dəyərləndirən millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov öndə bəyan edib ki, ölkəmizdə “Cənubi Qafqaz:

 İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi çox əhəmiyyətlidir. Deputatın fikrincə, bu mühüm platforma Azərbaycan həqiqətlərinin və 44 günlük müharibədən sonra ortaya çıxan regional reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından önəmlidir: “Forumun birinci hissəsi Şuşa şəhərində keçirildi. Beynəlxalq konfransın işğaldan azad edilmiş ərazilərimizdə keçirilməsi təşəbbüsü ötən il məhz Azərbaycan rəhbərliyi tərəfindən irəli sürülmüşdü. Çünki Şuşa sadəcə mədəniyyət paytaxtımız deyil, eyni zamanda siyasi, diplomatik strateji mərkəzə çevrilməkdədir. Beynəlxalq tədbir üçün dünyanın müxtəlif ölkələrindən Şuşaya gələnlər yol boyu həm erməni vandalizminin izlərini, həm də aparılan sürətli quruculuq işlərinin şahidi oldular. Qarabağın əsl sahiblərinin kimlər olduğunu gördülər. Cənab Prezident Forumda bir çox mühüm məqama diqqət çəkdi və yeni reallıqlardan bəhs etdi. Ölkə başçısı vurğuladı ki, Ermənistanda azərbaycanlılara qarşı formalaşmış fobiya aradan qaldırılmalıdır. Çünki bu məsələ iki dövlət və xalq arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərir. Ermənistanda Azərbaycana nifrətin körüklənməsi sülhə böyük təhdiddir”. 

Parlament üzvü qeyd edib ki, dövlət başçısının Qarabağdakı ermənilərə səslənməsi də olduqca mühümdür: 

“Hamı çox gözəl bilir ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilərin həyat tərzi, sosial durumları Azərbaycanın digər bölgələri ilə müqayisədə ölçüyə gəlməz dərəcədə aşağıdır. Ermənistan Qarabağı 30 il işğalda saxlasa da, oranın Azərbaycana məxsus olduğunu bildiyi üçün bölgədə heç bir quruculuq işi aparmayıb. Daş daş üstə qoyulmayıb. Nəticədə Xankəndi və ətraf bölgələrdə ermənilər çox acınacaqlı vəziyyətdə ömür sürüblər. Ermənilərin gözü qarşısında Azərbaycan durmadan tərəqqi edir, sürətli inkişaf yolu keçir. Cəmi il yarım ərzində ölkəmizdə görülən nəhəng işlər erməniləri heyrətə düşürür. Bununla yanaşı Azərbaycan multikultural, tolerant ölkədir və çoxsaylı xalqların nümayəndələri rahat şəkildə yaşayırlar. Sözsüz ki, Azərbaycanın suverenliyini və qanunlarını qəbul edən ermənilər də vətəndaşımız olarsa, rahat həyat tərzi sürəcəklər. Eyni zamanda təhlükəsizlikləri də təmin olunacaq. Dövlət başçısı da bunu ermənilərin diqqətinə çatdırır və çağırış edir. 

Ermənilər Prezidentin humanist çağırışından ciddi nəticə çıxartmalıdırlar. İlk növbədə isə onlara mane olan separatçıların cavabını verməlidirlər”.