PrezidentdənTürk dövlətlərinə mesaj: "Rusiya xofunu üzərinizdən atın"

"Ortada Ukrayna nümunəsi var. Qorxaq mövqe ilə qardaş türk ölkəsini rus və ermənilərin ayağına vermək, öz ərazisindən Ermənistana silah ötürülməsinə imkan yaratmaq milli kimliyə xəyanətdir"


Dövlət başçısı İlham Əliyev 44 günlük müharibədə Ermənistana silah-sursat yardımı edən və buna şərait yaradan ölkələrin adını çəkib. “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edən ölkə rəhbəri vurğulayıb ki, Ermənistan Qarabağdakı müharibəyə Rusiyanı cəlb etmək istəyirdi. Lakin bu, baş tutmadı: “Ermənistan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öhdəlikləri ilə manipulyasiya etməyə cəhdlər göstərib. 44 günlük Vətən müharibəsi dövründə yük təyyarələri vasitəsilə Rusiyadan Ermənistana müntəzəm olaraq silahlar daşınıb. Biz bu marşrutu izlədik – Rostovdan və Mozdokdan gəlirdi. Biz gürcüstanlı dostlarımıza dedik ki, onlar hava məkanını bağlasınlar və onlar bunu etdilər. Eyni zamanda, onlara dedik ki, Rusiyadan Ermənistana Gürcüstanın quru ərazisindən silah daşınmasının qarşısını alsınlar. Onlar quru yolunu da bağladılar. Biz Xəzəryanı dövlətlərə məktub göndərdik ki, onlar Rusiya yük təyyarələrinin öz ərazilərindən Ermənistana silah daşınmasına icazə verməsinlər. Bu barədə Qazaxıstan, Türkmənistan və İrana müraciət yollamışdıq. Lakin təəssüflər olsun ki, həmin ərazilərdən silah daşınması üçün istifadə edildi və o silahlar Ermənistana daxil oldu”.

Ölkə rəhbərinin açıqlamasını “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri deyib ki, bəzi həqiqətlərin zaman-zaman dilə gətirilməsinə ehtiyac var. 

Ekspert bildirib ki, münasibətlər sistemində bütün ölkələri tərəzinin eyni gözünə qoymaq olmaz: 

“44 günlük Vətən müharibəsində kimlərin yanımızda, daha doğrusu haqq-ədalətin yanında olduğunu gördük. Əlbəttə, bunu unutmamalı və yeri gəldiyində dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bilinməlidir ki, qonşu və regional dövlətlər, xüsusən türk respublikaları Ermənistanla haqq savaşında hansı mövqedə dayanıblar. Rusiyanın hər vəchlə, müharibənin son gününə kimi Ermənistanı silahlandırması və müxtəlif yollarla hərbi texnikalar göndərməsi ermənilərin işinə yaramadı. Prezident dolayı yolla bəyan edir ki, Azərbaycan təkcə Ermənistanı deyil, həm də Rusiyanın hərb maşınını məhv edib. Ermənistanda Rusiyanın havadan müdafiə sistemlərindən tutmuş raket sistemlərinə qədər hər cür silah var idi. Buna rəğmən, ermənilərin işğalçı ordusu darmadağın edildi və təslim olmağa məcbur oldu”. 

N.Miri dövlət başçısının türk ölkələrinə mesajını da şərh edib: 

“Türk dövlətlərinə verilən mesaj bundan ibarətdir ki, Rusiya xofunu tədricən üzərlərindən atmaq lazımdır. Ortada Ukrayna nümunəsi var. Qorxaq mövqe ilə qardaş türk ölkəsini rus və ermənilərin ayağına vermək, öz ərazisindən Ermənistana silah ötürülməsinə imkan yaratmaq milli kimliyə xəyanətdir. Ölkə başçısının mesajı təkcə beynəlxalq tədbir iştirakçılarına deyildi. Həmçinin, türk toplumlarına ünvanlanmış mesaj idi. Həqiqətlərin dilə gətirilməsinin tərəfdarıyam və bunun doğru addım olduğunu düşünürəm. Hər kəs bundan öz payını götürməlidir”.