"Prezident Ramazan bayramını şəhid ailələri ilə birgə qeyd edir" - RƏY

"Mən bütün dövlət qurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın". 
Bu barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısı bəyan edib ki, bu evlər məcburi köçkünlər üçün inşa edilmişdi: 

"İşğal dövründə məcburi köçkünləri yerləşdirmək üçün, normal şərait yaratmaq üçün böyük işlər görüldü və belə gözəl şəhərciklər yaradıldı. Amma müharibədən sonra mən qərar qəbul etdim, onlar üçün nəzərdə tutulan yerləri biz şəhid ailələrinə təqdim edək ki, onlar çox vaxt gözləmədən tezliklə bu mənzillərlə təmin olunsunlar". Dövlət başçısı deyib ki, Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin bəziləri evlərlə təmin edilməyib: “Düzdür, 12 min 500 mənzil verilib, ancaq hələ də növbədə duranlar var. Ona görə mən dedim ki, birincisi, məcburi köçkünlər üçün biz artıq Qarabağda, Zəngəzurda evlər tikməyə başlamışıq. Onlar orada yaşamalıdırlar. İkincisi, tezliklə şəhid ailələri, yaralı olan hərbçilərimizin problemlərinin həlli üçün bu gözəl evləri biz şəhid ailələrinə təqdim edək. Keçən il 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək. Bu mənzillərdə yaşamaq üçün bütün şərait var”. Prezident qeyd edib ki, şəhid ailələrinin həyatında heç bir problemin olmaması üçün şəhidlərin yaxınları daim diqqət mərkəzində olmalıdırlar. “Mən Prezident kimi bütün dövlət qurumlarına bunu tapşırmışam, bu gün də mənim sözlərimi eşidirlər. Bu, bizim borcumuzdur”.

Azərbaycan rəhbərliyinin şəhid ailələri və müharibə qazilərinə göstərdiyi diqqət və qayğı barədə "Sherg.az"a danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, bu, bir daha onu göstərir ki, həm cənab Prezident, həm də Mehriban xanım Əliyeva daim Azərbaycan xalqının yanındadır, xalqla bərabərdir. 

Deputat bildirib ki,  Ramazan bayramının mühüm özəlliyindən biri də belə xeyir işlər görməkdir: 

"Ən gözəl əməllərdən biri də şəhid ailələrinə və müharibə veteranlarına diqqət ayırmaq, onlara qayğı göstərməkdir. Onların problemlərini həll etməkdir. Bu gün biz ölkəmizdə bunu görürük. Şəhid ailələrinə, müharibə veteranlarına böyük diqqət var. Onlara mütəmadi evlər verilir, avtomibillə təmin olunurlar, qayğıları həll olunur. Şəhid ailələri üçün məktəblər inşa edilir. Bu da çox önəmlidir. Ölkədə bu istiqamətdə daimi addımların atılması zəruridir. Xüsusi vurğulamaq lazımdır ki, Ramazan bayramını ölkə rəhbəri şəhid ailələri, müharibə veteranları ilə birlikdə qeyd edir. Dövlət başçısı davamlı olaraq öz ad gününü şəhid ailələri, qazilər, məcburi köçkünlərlə keçirir. Ölkə rəhbəri ümumən xalqımıza, onları narahat edən məsələlərin həllinə böyük diqqət göstərir".

Parlament üzvü vurğulayıb ki, ölkəmizdə təhsilə də yüksək diqqət və qayğı göstərilir: 

"Yeni məktəblər, yeni bağçalar tikilir. Xüsusi qeyd etmək lazımdır ki, burada Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Mehriban xanımın rəhbərliyi çox möhtəşəm işlər görülür. Əlbəttə, Azərbaycan xalqı ölkə rəhbərliyinin gördüyü işi çox yüksək qiymətləndirir. Çoxlu sayda insanların problemi həll olunur, şəhid ailələri, qazilər müalicə üçün Türkiyəyə göndərilir və s. Bu bir daha xalq-iqtidar birliyini göstərir".