Kəlbəcərdə təxribat! - “Rusiyaya “stop” demək lazımdır”

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistanın sərhəd xəttində törətdiyi təxribatları “Sherg.az”a şərh edən Aprel döyüşləri və Vətən savaşının iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Ayaz Qasımov bildirib ki, burada əsas məqsəd regionun siyasi gedişləridir:

“ Ermənistan özü də bilir ki, bundan 20 il sonra güclənsə belə, Azərbaycanın ordusunun gücünə heç cür çata bilməz. Gücümüz günü-gündən artır. Sonuncu dəfə Ali Baş Komandan  xüsusi təyinatlı qüvvələrin 23-cü il dönümünü qeyd etdi. Elə bunun özü də onlarda qıcıq yaradır. Biz görürük ki, Ermənistandakı vəziyyət getdikcə pisləşir, gərginlik dərinləşir. Onlar müharibədən sonra özlərinə gələ bilmədiyi halda, Azərbaycanda yeni komando briqadaları yarandı. Bu briqadalar Pakistan, Türkiyə kimi sözünü demiş dövlətlərin hərbi hissələrində də yer alır. Azərbaycan da Şuşa kimi qalanı ala biləcək bir ordunun adından danışan bir dövlətdir. Şuşanın işğaldan azad olunma strategiyası ABŞ-ın hərbi akademiyalarında dərs mövzusu kimi keçirilir. Bu ordumuzun qüdrətindən xəbər verir. Ola bilsin, Ermənistan bu faktları xalqına olduğu kimi demir, amma özləri, region ölkələri bütün faktları bilir”. 

Ekspertin qənaətincə, erməni xalqı hələ də mövcud vəziyyətlə barışmaq istəmir:

“Sərhəddə  kiçik təxribatlar baş verir. Bu erməni xalqının reaksiyasına görədir. Azərbaycanın Ermənistana təqdim etdiyi 5 bəndlik sülh müqaviləsini erməni xalqı qəbul etmək istəmir. Paşinyan da xalqın rəhbəri kimi istəyir ki, bu cür təxribatlar vasitəsilə müddəti uzatsın. Hazırda onların regionda hansısa tələbi irəli sürəcək gücü də yoxdur. Sadəcə prosesi ləngitmək istəyirlər. Bilirsiniz ki, bəzi bölgələrimiz hələ də bizim nəzarətimiz də deyil. Həmin ərazilər rus sülhməramlıların nəzarətindədir. Sülhməramlılar da 5 il bizim ərazimiz də olmalıdır. Rusiya da virus kimidir. Çətini ərazimizə bir kök atmasıdır. 5 ilin tam olmasına bir ay qalmış yalandan təxribat törədəcək, özlərinə qarşı atəş açdıracaqlar. Sonda isə deyəcəklər ki, ərazidə sakitçilik olmadığına görə hələ də burada qalacağıq.

  Bu Rusiyaya görə Qarabağı əlindən verməmək üçün bir variant idi. Rusiya özü Ukraynanı işğal edir. İşğalçı ölkə necə sülhməramlı ola bilir? Ona görə Rusiyaya “stop” demək lazımdır. Qücümüzə qaldıqda isə qüdərtimiz yetərincədir”.