Britaniya Kraliçasına Qarabağ atı təqdim olundu! – “İki mühüm mesaj verildi" - Şərh

“Azərbaycan həm də Birləşmiş Krallığa mesaj verir ki, o, bu əlaqələrin inkişafında maraqlıdır və eyni zamanda Birləşmiş Krallıqdan gözləntilər var”

“Bu gün Qarabağ atları dünyada kifayət qədər məşhurdur və hesab edirəm ki, bu həm də Qarabağla bağlı mesajdır”

Ötən gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizavetaya Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

Kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi təşkil edilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub. Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birlikdə yeni sahibinə təhvil verilib. Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.
Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkür edib, “Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

Bu hadisənin dünyaya verdiyi mesajı “Sherg.az”a dəyərləndirən millət vəkili  Ceyhun Məmmədov bildirib ki, Azərbaycan hər zaman bütün dövlətlərlə normal münasibətlərin qurulmasında və inkişafında maraqlı olub:

“Biz deyə bilərik ki, Azərbaycanın Avropa regionunda ən çox əlaqələrə xüsusi önəm verdiyi ölkələrdən biri də Böyük Britaniyadır. Bu gün Azərbaycanla Böyük Britaniya arasında bir çox sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf edib. 

Birləşmiş Krallığın böyük şirkətlərindən olan “BP” Azərbaycanda bir çox neft-qaz layihələrdə iştirak edir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin layihələrində də bu şirkətin iştirakı nəzərdə tutlub. Britaniyada keçirilən tədbirdə də Azərbaycanın yüksək səviyyədə təmsil olunması və Qarabağ atının hədiyyə olunması bizim bu əlqalərə verdiyi önəmin, dəyərin göstəricisidir. Bununla  Azərbaycan həm də Birləşmiş Krallığa mesaj verir ki, o, bu əlaqələrin inkişafında maraqlıdır və eyni zamanda Birləşmiş Krallıqdan gözləntiləri var. Bu gözləntilər qarşı tərəfində Azərbaycanla əlaqələrini inkişaf etdirməsində maraqlı olması və inkişaf etdirilməsidir”.

Millət vəkili sonda qeyd edib ki, bu gün Qarabağ atları dünyada kifayət qədər məşhurdur və hesab edirəm ki, burada həm də Qarabağla bağlı mesaj var.