İranda etirazların dalğası böyüyəcək! – Sürətlə bahalaşmanın sonu ağrılı olacaq

“Rusiya kimi, İran da beynəlxalq sanksiyalara məruz qalmış bir ölkədir”

“ABŞ və Qərb bir tərəfdən İrana enerji resurslarının dünya bazarına ixracı sahəsi üzrə müəyyən embarqolar tətbiq edib”

“Digər tərəfdən isə İranın ölkə xaricində saxlanılan valyuta rezervlərinin bir hissəsini bloklanıb”


İranın Çaharmahal və Bəxtiyari əyalətinin Farsan şəhər sakininin verdiyi məlumata görə, şəhərdə sərt təhlükəsizlik tədbirləri görülüb. Təhlükəsizlik orqanları xalqa birbaşa atəş açıb, internet tamamilə kəsilib. Bunlara rəğmən bahalığa qarşı etirazlar hələ də davam edir. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bununla yanaşı, Xuzestan əyalətinin şəhərlərində də internet kəsilib. Həmçinin Məscid-Suleyman, İzə və Mahşəhr şəhərlərində də eyni vəziyyətin hökm sürdüyü bildirilir. Hökumət qüvvələrinin ötən gecədən başlayan etiraz aksiyasının fəallarına qarşı odlu silahlardan birbaşa atəş açdığı, azı bir nəfərin öldürüldüyü, bir neçəsinin isə yaralandığı qeyd olunub. Habelə media fəalları əyalətin Babaheydər şəhərində də mitinqlərin davam etdiyini, bir nəfərin güllələndiyini və cənazəsinin ailəsinə təhvil verilmədiyini yazıblar.

 İranda baş verən aksiyaları “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, baş verən son hadisələr o qədər də gözlənilməz deyil:

“Çünki bütün dünyada olduğu kimi, İranda da sürətlə bahalaşma prosesi gedir. Bu isə öz növbəsində sosial narazılıqları artırır. Üstəlik, bu prosesin yaxın gələcəkdə daha da güclənə biləcəyi qətiyyən istisna deyil. Onu da qeyd etmək lazımdır ki, Rusiya kimi, İran da beynəlxalq sanksiyalara məruz qalmış bir ölkədir. ABŞ və Qərb bir tərəfdən İrana enerji resurslarının dünya bazarına ixracı sahəsi üzrə müəyyən embarqolar tətbiq edib. Digər tərəfdən isə İranın ölkə xaricində saxlanılan valyuta rezervlərinin bir hissəsini bloklanıb. Hətta BMT-nin İran üzrə hazırlanan və bir müddət öncə açıqlanan hesabatında ABŞ və Qərbin embarqolarının bu ölkədə ciddi problemlər yaratdığı vurğulanmışdı. Üstəlik, həmin embarqoların İran əhalisinin gündəlik yaşam səviyyəsinə də mənfi təsir göstərdiyi qabardılmışdı.

Belə anlaşılır ki, BMT-nin İrana qarşı embarqoların doğurduğu nəticələrlə bağlı hesabat müəyyən mənada həqiqətləri əks etdirir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Ukrayna savaşının bütün dünyada yaratdığı yeni situasiya da İranda daxili vəziyyətə təsir göstərir. Hər halda, Kremlə qarşı sanksiyaların Rusiya ilə iqtisadi-ticari tərəfdaşlığı olan ölkələrə zərbə vurduğu qətiyyən şübhə doğurmur”.

Ekspertin sözlərinə görə, bütün bunları nəzərə aldıqda, İranda bahalaşma prosesinin başlanması və buna paralel olaraq, kütləvi etiraz dalğasının da baş qaldırması proqnozlardan uzaq hadisə sayıla bilməz:

“Bəzi önəmli məqamları, xüsusilə də, İrana qarşı embarqoların ləğv edilmə ehtimalının olmaması, eləcə də, bütün dünyada ərzaq qıtlığı yaradan Ukrayna savaşının yaxın vaxtlarda sona çatmayacağını da nəzərə aldıqda, kütləvi etiraz dalğasının daha da güclənə biləcəyi qətiyyən istisna deyil. 

Təbii ki, belə situasiyada hadisələrin sonrakı inkişafı daha çox İran hökumətinin çevik manevirlər etmək imkanlarından asılı ola bilər. Düzdür, hələlik rəsmi Tehranın daha çox təhlükəsizlik tədbirlərini gücləndirdiyi və etirazçılara qarşı sərt davranmağa çalışdığı müşahidə edilir. Ancaq bütün bunlar ölkə daxilində sabitliyin qorunması üçün yetərli  olmaya da bilər.

Böyük ehtimalla rəsmi Tehranın çevik sosial-iqtisadi siyasət yürütməsi lazım gələcək. Xüsusilə də, İranın enerji resurslarının dünya bazarlarına çıxarılmasının yeni metodlarının tapılmasına və qonşu ölkələrlə ticarət əlaqələrinin mümkün qədər genişləndirilməsinə ehtiyac yaranmış kimi görünür. 

Çünki yalnız bu halda, rəsmi Tehran əlavə maliyyə qaynağı qazanmaqla, İranın sosial problemlərinin nisbətən yüngülləşdirilməsinə nail ola bilər. Əks halda, bahalaşma və əhalinin yaşayış səviyyəsinin daha da düşməsi kütləvi etiraz dalğasını daha da gücləndirə bilər”.