28 Mayda yüzlərlə ailə sevinəcək

Əfv Komissiyasında bütün müraciətlər detallı araşdırılıb


 Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb. Daxil olan bütün müraciətlər dəqiqliklə yoxlanaraq, müvafiq qərarlar qəbul edilib.  

28 May Müstəqillik Gününə isə sayılı günlər qalıb. Vaxt daraldıqca dəmir barmaqlıqlar arxasında məhkumluq həyatı yaşayanlar həyəcanla ölkə başçısının Əfv Fərmanı imzalayacağı günü gözləyirlər. Bu barədə mətbuata açıqlama verən hüquq müdafiəçiləri və Əfv Komissiyası üzvlərinin proqnozları da onların ümidini artırır. 

   Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevin “Şərq”ə açıqlamasına görə, indiyədək keçirilən iclaslarda əsasən ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə baxılıb: 

“Son qərarı isə hər zamankı kimi cənab prezident İlham Əliyev verəcək. Kimlər əfv olunacaq, kimlər siyahıya daxil olmayacaq. 

Bu, birbaşa ölkə başçısının şəxsi iradəsindən asılıdır.  Konkret tarixə gəldikdə isə Respublika Günü ilə bağlı gözləntilər var, amma bu məsələni də Prezident müəyyənləşdirəcək”. 

Ə.Nuriyevin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətində hər zaman humanizm, mərhəmət və şəfqət əsas prinsipdir. Təsadüfi deyil ki, 1995-ci ildən bu günə qədər 65 əfv qərarı imzalanıb və 10 minə yaxın şəxs cəzadan azad edilib və yaxud cəzası yüngülləşdirilib. Hesab edirəm ki, bu dəfə də əfv olarsa, yüzlərlə ailə sevinəcək”. 

Komissiyaya bütün kateqoriyalardan müraciətlər daxil olduğunu vurğulayan hüquq müdafiəçisi deyib ki, onların arasında sağlamlıq əleyhinə, iqtisadiyyat xarakterli, dövlət idarəetməsinin əleyhinə, həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, hərbçilər, qadınlar və sairə var: “Bugünədək 600-dən çox müraciətə baxılıb. Keçirdiyimiz iclaslar bəzən 3-5 saat davam edir.

  Daxil olmuş müraciətlərlə bağlı hərtərəfli müzakirələr aparılır, qanunvericilikdə nəzərdə tutulmuş bütün kriteriyalar araşdırılır, meyarlar müəyyənləşdirilir. Komissiyanın hər bir üzvü öz fikrini sərbəst ifadə etməklə qərarlar qəbul olunur”.