Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür. Böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. ABŞ konqresmenləri Azərbaycana səfəri də faydalı əməkdaşlığın nümünələrindən biridir. İyunun 3-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan ABŞ Konqresinin nümayəndə heyəti arasında görüş keçirilib. ABŞ Konqresi nümayəndə heyətinin üzvləri Dişa Banik, Vill Smeters, Uilyam Kristian, Troy Duql, Sara Temic, Ata Xan, Ketrin Nikol Klos regionda gedən proseslərlə bağlı verdikləri suallara deputatlar ətraflı cavablar veriblər. Görüşdə Azərbaycanın beynəlxalq hüquqa, demokratiyaya və bəşəri dəyərlərə sadiq olduğu, bölgədə sülhün bərqərar olunması və regional əməkdaşlığın inkişafı üçün çalışdığı qonaqların diqqətinə çatdırılıb.
Tərəflərin əməkdaşlığı barədə "Sherg.az"a danışan millət vəkili, AŞPA - da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ABŞ-nin əlaqələrini, rolunu, təsirini yüksək səviyyədə dəyərləndirib:
"ABŞ Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. ABŞ ilə hələ 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanıb. Bu iki ölkə arasındakı əlaqələr ABŞ-nin eks-prezidenti cənab Bill Klinton və Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin unikal və tarixi qərarları əsasında formalaşıb. Bu da Azərbaycanın inkişafının əsasını təşkil edən layihəyə çevrildi. ABŞ-nin Azərbaycanın müstəqilliyinin özünü doğrultmasında rolu var. Hazırda Azərbaycan Amerika münasibətləri xüsusi önəm daşıyır. Ümummilli liderin təbirincə desək, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir.
Bununla yanaşı müstəqilliyi inkişaf etdirib, əbədiliyini isbatlamaq mürəkkəb işdir.
Müstəqil siyasət yürütmək üçün ABŞ ilə əlaqələrimiz prinsipial əhəmiyyətli münasibətlərdir. Bu gün Azərbaycanın əksər layihəsi Qərblə bağlıdır. Söhbət təkcə, Bakı- Tblisi - Ceyhan, Bakı - Tblisi - Ərzurumdan getmir. Enerji və infrastruktur layihələri ilə yanaşı Qərblə sivilizasiya əlaqələrimizin təşkili də daxildir. ABŞ-nin Azərbaycanda mövcudluğu nə qədər çox olsa, bir o qədər xeyirlidir. Çünki ABŞ ilə əlaqələrimizi elə qurmuşuq ki, münasibətlərimiz müqavilələr əsasında qarşılıqlı hörmət və iki ölkənin bir-birinin işinə müdaxilə etməməklə bərabər, birlikdə dünyaya meydan oxuyan qüvvələrə qarşı çıxmaqdan da ibarətdir".
S.Seyidovun qənaətincə, dövlətlərarası əlaqələr indiki dövrdə daha da yaxınlaşır:
"Heç kimə sirr deyil ki, Amerikanın Əfqanıstanda apardığı əməliyyatlarda Azərbaycan əsgəri şücaətini göstərib. Hətta Əfqanıstandan ABŞ əsgərləri çıxanda belə Azərbaycan əsgərləri hava limanını sonuncu tərk etmişdi. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdi. Çiyin-çiyinə terrorizmə qarşı mübarizə aparan ABŞ və Azərbaycan əsgəri mövcuddur. ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublara diqqətlə baxmaq lazımdır. Azərbaycanın apardığı işləri, azad olmuş torpaqlarla bağlı mövqeyini ABŞ başa düşür və təsdiqləyir. Azərbaycanın ərazi bütövlüyünü də qəbul edir. Prezidentin köməkçisi Hikmət Hacıyev Vaşinqtonda görüşlər keçirir.
Bir neçə müddət öncə mən və rəhbərliyim altındakı nümayəndə heyəti ABŞ - da mühüm görüşlər reallaşdırdıq. ABŞ konqresmenləri ilə Milli Məclisdə görüşdük. Əlaqələr genişlənir. Bu da Azərbaycanın xeyrinədir, müstəqilliyimizin daha da möhkəmlənməsinə xidmət edən məsələdir".