Əhməd Qəşəmoğlu:“Mənəvi müdafiə sistemini gücləndirməliyik"
Natiq Cəfərli:“Onlayn mağazalar, oyun platformalarının əsas qayəsi pul qazanmaqdır”
Son dövrlərdə məşhur olan Tik-Tok sosial platforması haqqında ziddiyyətli fikirlər dolaşır. Bəziləri Tik-Tok-un zərərli platforma olduğunu, bəziləri isə fayda verdiyini düşünür. Sözügedən sosial platformaya maraq həm də canlı yayımlarda verilən hədiyyələr, göndərilən jetonlarla bağlıdır. Çünki bunlar canlı yayım açan şəxsə də kifayət qədər pul qazandırır və jetonlara görə izləyici ödənişlər edir. Məktəblilər Tik Tok videoları üçün ağlasığmaz hərəkətlər edir, metroda relsə düşüb, tuneldə qaçır və ya məktəbdə yanğınsöndürən balonu partladırlar. Məlum platforma daha çox əyləncəyə, həm də yüngül əyləncəyə, lağlağıya, ucuz və asan şöhrətə meyilli şəbəkədir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Əhməd Qəşəmoğlunun fikirlərinə görə, dünyada "Tik Tok"un mövcudluğu sual altındadır:
"Amerikanın eks prezidentinin D.Tramp da Tik-Tokla bağlı narahatlığını bildirmişdi. Platformanın yaxşı tərəfləri də var. Elə dövrdə yaşayırıq ki, internet, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Mən "Tik- Tok"dan dərman bitkiləri haqqında məlumatlardan faydalanmışam. Sosial şəbəkələr ilan zəhəri kimidir. Çünki ilan zəhərindan düzgün istifadə etsək, dərmandır, dozanı artırsaq, zəhərləyə, hətta öldürə bilər. "Ömrün uğurlu bünövrəsi" kitabım var. Vurğulamışam ki, uşağın tərbiyəsi ana bətnindən başlayır. Uşaq məktəbə gedənə qədər onun təsəvvürləri formalaşmalıdır. İndiki cəmiyyəti 20-30 il öncəki metodlarla idarə etmək mümkün deyil. Heç bir insana "bunu et, onu etmə" demək doğru deyil. Ziyanlı informasiyaya yuxarıdan aşağı baxmaqlarından ötrü balacalıqdan təsəvvür yaradılmalıdır. Mənəvi müdafiə sistemini gücləndirməliyik".
İqtisadçı - ekspert Natiq Cəfərli valideynindən icazəsiz sosial şəbəkəyə girən uşaqlarla bağlı fikirlərini bölüşüb:
""Tik Tok" da pul qazanmaq sxemi ilə tanış deyiləm. Lakin valideynindən xəbərsiz telefonlar, planşetlərlə yararlanan uşaqlar varsa, gələcəkdə problem yarada bilər. Valideyn nəzarəti gücləndirilməlidir. Təsdiqləmə kodu, geri dönüş kimi xüsusiyyətlər olmalıdır. Valideynlərinin telefonundan istifadəsinə dair şikayətlər eşidirik.Onlayn mağazalar, oyun platformalarının əsas qayəsi pul qazanmaqdır. Prosesi gerçəkləşdirmək üçün çətin mexanizm yaratmırlar, daha da asanlaşdırırlar. Pulun hesabdan silinməsi qəlizləşdirilməlidir".