Xocalı rayonunun Fərrux kəndi məsələsi gündəmdən düşmür.Azərbaycan hərbçiləri martın 24-dən sonra mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi nəticəsində Xocalının Fərrux kəndinə nəzarəti ələ keçirib. Sözügedən yaşayış məntəqəsi ətrafındakı Daşbaşı yüksəkliyində (ermənilər Qaraqlux yüksəkliyi deyirlər - red.) mövqe tutması Ermənistan rəhbərliyində, eləcə də Qarabağdakı separatçılarda narahatlığı artırıb. Rusiya XİN başçısı Sergey Lavrov da ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə brifinqdə Fərrux kəndi ilə bağlı sualı cavablandırıb.
S.Lavrov bu məsələnin delimitasiya prosesi çərçivəsində həllini tapmalı olduğunu vurğulayıb. Rusiya rəsmisinin açıqlamasına əsasən, Azərbaycan XİN-in yaydığı cavab xarakterli məlumatına görə, sərhəd kommisiyaları sadəcə iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. Sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə dair məsələyə baxılması nəzərdə tutulmur.
Gedişat göstərir ki, Azərbaycanın Fərrux kəndi istiqamətindəki yeni mövqelərdə möhkəmlənməsini ermənilərlə yanaşı, Qarabağdakı Rusiya sülhməramlıları da həzm edə bilmirlər.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdi. Ancaq ermənilərin qanunsuz silahlı dəstələri 30 il əvvəlki kimi yenidən Fərruxdan atəş açmağa və regionda atəşkəsi pozmağa başladı. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.
XİN başçılarının ismarışlarını "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin qənaətincə, Rusiya ilə Ermənistanın birgə çox ciddi niyyətləri var:
" Əsas söhbət Fərrux kəndi məsələsi üzərindən Ağdərə zonasında Rusiya və Ermənistanın birlikdə nəzarətinin təmin olunmasından gedir. Onlar gələcəkdə bu vasitə ilə Tərtər və Goranboy, o cümlədən Gəncə dəhlizinə çıxış əldə etmək istəyirlər. İlk hərbi situasiya yetişdiyi təqdirdə Gəncə dəhlizini ələ keçirməyə çalışırlar.
Gəncə dəhlizi Azərbaycanın "ana, qan damarı"dır. Bakı -Tblisi - Ceyhan, Bakı - Tblisi dəmir yolu , qaz kəməri, qatar, avtomobil, daşımalar, beynəlxalq internet yolları bir sözlə, hamısı həmin ərazidən keçir. Yəni Azərbaycanın ikiyə bölünməsi anlamına gəlir. Cənuba doğru digər istiqamət şübhəsiz ki, Cəbrayıl məsələsi, Xudafərin körpüsünün iqtisadi, strateji mahiyyətidir. Gələcəkdə nəzarətə götürməyi planlayırlar.
S. Lavrovun Fərrux kəndinə dair səsləndiriyi fikir Azərbaycanın ərazi bütövlüyünə ciddi şəkildə hörmətsizlikdir".