“Ölkənin quru sərhədləri açılmalıdır”

“Milli təhlükəsizlik üçün təhdidlərin profilaktikası və  aradan qaldırılması üçün isə müvafiq dövlət orqanları səfərbər olunmalı və cavabdehlik daşımalıdır"


Qonşu ölkələrin sərhədləri açdığı bir zaman da Azərbaycanın gözlənilmədən Naxçıvan üzərindən İrana və Türkiyəyə quru sərhədlərini bağlaması vətəndaşlar arasında narazılığa səbəb olub.  Son quru yolunun da bağlanmasıyla artıq Azərbaycan qonşu dövlətlərə əlaqəni məhdudlaşdırıb. Sosial şəbəkələrdə bunun səbəbinə dair müxtəlif yanaşmalar  var. Kimi bunu Azərbaycanın Qarabağda keçirəcəyi antiterror əməliyyatları ilə izah edir,  kimi isə Ukrayna-Rusiya müharibəsi üzündən ölkəmizə gələ biləcək miqrantlarla əlaqələndirir. 

Azərbaycandakı sonuncu nəfəsliyin Aşqabad sammitinin ardından bağlanmasının çox maraqlı olduğunu deyən politoluq Ərəstun Oruclu "Sherg.az"a bildirib ki, quru yolunun bağlanması 4 səbəblə izah oluna bilər: 

"Birinci, ölkədə gedən müzakirələrdə əsas səbəb kimi sərnişin daşımalarından əldə olunan böyük gəlirlərin AZAL-ın nəzarətində saxlanılması göstərilir. İkinci, bir səbəb kimi iqtisadi vəziyyətin çətinləşməsi üzündən ölkəyə Rusiyada yaşayan azərbaycanlıların bir hissəsinin kütləvi dönüşünün qarşısını almaq cəhdi deyilir.Üçüncü, bu da istisna deyil ki, Türkiyə ilə sərhədlərin bağlanmasını Aşqabadda keçirilən görüş zamanı Rusiya prezidenti Putin tələb edib. Dördüncü, rəsmi qurumlar tərəfindən səbəb olaraq göstərilən COVİD-19 pandemiyasıdır. Bu başdan deyim ki, 4-cü bənddə göstərilən rəsmi izah son dərəcə absurd olduğundan heç bir müzakirə predmeti ola bilməz.

Bütün bunlara baxmayaraq, ölkə vətəndaşlarının öz ölkəsinə rahat gəlib-gedə bilməsinin qarşısının alınması heç bir səbəblə əsaslandırıla bilməz. 

Ölkənin quru sərhədləri açılmalıdır, milli təhlükəsizlik üçün təhdidlərin profilaktikası və  aradan qaldırılması üçün isə müvafiq dövlət orqanları səfərbər olunmalı və cavabdehlik daşımalıdır".