Milli Məclisdən Vətən müharibəsinin ildönümü ilə əlaqədar BƏYANAT

Ermənistanın törətdiyi təxribat barəsində bəzi yüksək səviyyəli xarici dövlət rəsmilərinin obyektivlikdən uzaq, qərəzli, hətta təhrikedici fikirlər səsləndirməsi təəssüf doğurur. Belə açıqlamaların erməni təbliğatının təsiri altında və ya siyasi dividentlər əldə etmək niyyəti ilə verildiyinə şübhə yoxdur.

Bu gün Azərbaycanın 30 illik işğal dövründə vandalcasına viran qoyulmuş torpaqlarında yaşayış məntəqələrinin bərpası layihələri həyata keçirilir, infrastruktur obyektləri qurulur, hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, elektrik, su xətləri çəkilir. Məcburi köçkünlərin mümkün qədər tez müddətdə doğma yurdlarına qayıtması üçün şərait yaradılır. Artıq onların bir hissəsinin yurd həsrətinə son qoyulub.

Təəssüf ki, Ermənistan tərəfinin işğal dövründə və müharibədən sonra Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə tank və piyada əleyhinə minalar bərpa və quruculuq işlərinin sürətlə aparılmasına imkan vermir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 200 nəfərdən çox mülki şəxs və hərbçi minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanıblar.

Lakin heç kəsin şübhəsi olmasın ki, törədilən bütün maneələrə baxmayaraq, Azərbaycan xalqı ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanmışdır, şəhidlərinin həyatı bahasına işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına, yerlə bir edilmiş şəhər və kəndlərin tam bərpasına nail olacaq, Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyarlara çevirəcəkdir.

Azərbaycan Respublikasının Milli Məclisi ümid etdiyini bildirir ki, Ermənistan Respublikası öz məsuliyyətini dərk edərək, XXI əsrə yaraşmayan davranış və hərəkətlərdən əl çəkəcək, Azərbaycanla sivil dövlətlərarası münasibətlər qurulması, bölgə xalqlarının əmin-amanlığa qovuşdurulması üçün yaranmış tarixi imkanı bir daha nəzərdən keçirəcəkdir. Azərbaycan Respublikası Cənubi Qafqazın münaqişə və müharibələrdən azad olan, bütün xalqların nümayəndələrinin qarşılıqlı iş birliyi şəraitində dinamik inkişaf edən bir məkana çevrilməsi üçün özündən asılı olan bütün tədbirləri görməyə hazırdır.

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il 30 sentyabr tarixli iclasında qəbul edilib.)”