“Bunun ardınca ümumi televiziya proqramının və türk dilli dərsliklərin ərsəyə gətirilməsi vacibdir”
Ortaq türk əlifbasının yaradılması ideyası 15 ilə yaxındır ki, müzakirə olunur. Onun hələ 2012-ci ildə hazırlanacağına dair çoxlu məlumatlar var idi. Hazırda bu mövzu yenidən aktuallaşıb. Türkiyənin Bursa şəhərində türk dünyasının ortaq əlifbası mövzusunda seminar keçirilib. Seminarda vahid əlifbanın yaradılması üzrə komissiyanın formalaşdırılması ilə bağlı qərar Türk Dövlətləri Təşkilatına (TDT) təqdim edilib.
Qeyd olunur ki, “türk dövlətlərinin dil birliyi və ortaq əlifbaya keçidi prosesini sürətləndirmək üçün” hər ölkədən iki nümayəndənin daxil olduğu komissiya yaradılıb. İlk görüş Qırğızıstanda baş tutacaq. “Anadolu”nun məlumatına görə, daha sonra komissiya vahid əlifba ilə bağlı hesabatı qurumun Ağsaqqallar Şurasına təqdim edəcək. Xatırladaq ki, TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir.
Addımın alqışalayiq olduğunu deyən BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu “Sherg.az”a bildirib ki, bundan çıxış edərək ümumi türk tarixinin yaradılması məsələsinə getmək lazımdır:
"Xeyli amillər var ki, türk tarixinin, türk mədəniyyətinin yaılmasına və təqdim edilməsinə mane olur. Onlar bizlərin ümumi türk tariximizi Özbək, Qırğız, Türkmən və.s kimi adlara bölərək mədəniyyətimizi dağıtmaq istəyirlər.
Lakin bizim mədəniyyətimizin və tariximizi adı birdir. Ümumi olaraq onu türk tarixi və türk mədəniyyəti adlandırırlar. Ona görə də ümumi əlifbanın yaradılması bu problemlərin həllində böyük bir rol oynayacaq.
Yəni əlifbadan başlanılan bir mədəniyyətin, musiqinin, ədəbiyyatın və dilin inkişafı istiqamətində konsepsiyalar işləyib hazırlamaq lazımdır.
Bu təkcə əlifba ilə yekunlaşmamalıdır. Dediyim məsələlər kompleks şəkildə həll edilməlidir ki, ümumtürk xalqlarının inteqrasiyasına dəstək olsun.
Bunun ardınca ümumi televiziya proqramının və türk dilli dərsliklərin ərsəyə gətirilməsi vacibdir. Digər tərəfdən isə SSRİ dövründə qadağan edilmiş türk xalqları tarixinin və mədəniyyətinin yenidən araşdırılması yaxşı olardı".