Qan Turalı: “Dövlət tərəfindən hansısa bir təşkilata ayrılan vəsaitin hara xərclənməsini sadəcə jurnalistlər yox, sadə vətəndaşlar belə sorğulaya bilər”
Elçin Hüseynbəyli: “Kimlərsə belə kritik bir məqamda dövlətlə yazıçıların arasına girməyə uğursuz cəhdlər edir. Savaş hələ bitməyib...”
Azər Həsrət: “Hörmətli Anarla Çingiz Abdullayevin vəzifəsi ən sərt, arzuolunmaz suallara təmkinlə cavab verməkdir”
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevin qurultay üçün ayrılan 203 min manatın necə xərclənməsinə dair verilən sualı cavablandırarkən jurnalistləri təhqir etməsi ölkədə geniş müzakirələrə səbəb olub.
Yazar Qan Turalının fikrincə, yaşanan bu hadisələr Yazıçılar Birliyinin nə vəziyyətə olduğunun sübutudur: “Bizim illərlə deyib, başa sala bilmədiyimiz mənzərəni AYB rəhbərliyi özü ictimaiyyətə video faktlarla göstərmiş oldu.
Çingiz Abdulayev uzun illərdir AYB-nin birinci katibidir, AYB-yə isə dövlət büdcəsindən pul ayrılırsa, qurultay üçün xərclənən məbləği araşdırmaq, bu barədə birinci katibdən soruşmaq jurnalistin təməl haqqıdır.
Mənə elə gəlir ki, Çingiz Abdullayev rolları qarışdırıb. Xalq yazıçısına belə sual vermək ayıbdır deyir. Halbuki, jurnalist o sualı xalq yazıçısına yox, AYB-nin birinci katibi vəzifəsini icra edən Ç.Abdullayevə ünvanlayıb. Bu polemikada əsas diqqət bu məsələyə yönəldilməlidir.
Etiraf edək ki, bu cür böyük tədbirlərin təşkili üçün 203 min manat o qədər də böyük məbləğ deyil. Əksər qurultaylar bu qədər büdcə ilə keçirilir. AYB zamanında ayrılan vəsaitlə bağlı hesabat yaysaydı, nə o suala ehtiyac qalardı, nə də cavaba. Artıq bu sual verilibsə, Çingiz Abdullayev sakit bir tonda xərclənən vəsaitlə bağlı hesabatın yaxın günlərdə ictimaiyyətə açıqlanacağını deməli idi.
Yaxud da nəzakətlə “qurultayın smetasını saytımıza yerləşdirəcəyik” cavabını da verə bilərdi”.
Qan Turalının fikrincə, bu sualda qəbahətli və yazıçını təhqir edəcək bir ifadə yox idi. 203 min manatın hesabatına gəldikdə isə dövlət tərəfindən hansısa bir təşkilata ayrılan vəsaitin hara xərclənməsini sadəcə jurnalistlər yox, sadə vətəndaşlar belə sorğulaya bilər: “Çingiz Abdullayevin bu sualı özünə qarşı təhqir hesab edib anormal cavablaması doğru deyil. Jurnalistin sualı hansısa formada verməsi onun təhqir olunmasına əsas vermir. Jurnalistin əsas vəzifəsi əhalini məlumatlandırmaqdır. Jurnalist dövlət büdcəsindən AYB üçün ayrılan vəsaitin təyinatı və aidiyyəti üzrə xərclənməsi ilə bağlı sualını sərt, hətta nəzakətsiz bir formada ünvanlamış olsa belə AYB katibinin borcudur bu barədə hesabat versin. Problem bundan ibarətdir ki, bu tövr, bu münasibət təkcə Çingiz müəllimlə bağlı deyil. Bu, qurumun yaşadığı ətalətin, zamanın ruhundan uzaq düşməsinin nəticəsidir. “Hesabatlılıq” haqqında kiçik bir anlayışı belə olmayan katibin XXI əsr Azərbaycanında təmsil etdiyi qurumun səviyyəsi elə bundan ibarətdir”.
Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli isə hesab edir ki,
mətbuatı izləyənlər və təcrübəli adamlar Çingiz Abdullayevin emosional və sərt davranışını anlaya bilərlər və anlamalıdırlar da: “Ayıq başla, emosiyalar səngiyəndən sonra ağıl verməyə nə var ki? Xeyli müddətdir kimlərinsə marağına işləyən mətbuatda bu fikirlər dolaşır: "203 min hara gedib?" və s. və i. Dostlar, biz uzun müddətdir ki, qurultaya hazırlaşırıq. Ölkəmiz üçün bu qədər əhəmiyyətli olan bir tədbirə belə bayağı yanaşmaq anlaşılan deyil. Mən Çingiz Abdullayevin ölkəmiz, AYB üçün hansı işlər gördüyünü, hansı əziyyətlər çəkdiyini demək istəmirəm. Bəzilərini bilirsiniz, çoxunu isə yox. Amma mən bütün bunların şahidiyəm. Anarın da, Çingiz Abdullayevin də, qurumda təmsil olunan digər yetkililərin də bu pulları mənimsəməyə ehtiyacı yoxdur. Ləyaqətli adam ona görə oğurluq etmir ki, bunu bacarmır, sadəcə onun üstünün nə zamansa açılacağından qorxur. Ləyaqətsizləri isə görmüsünüz: milyonları mənimsəyiblər və cəzalarını alıblar. Dövlət bu mötəbər tədbirə ona görə pul ayırıb ki, yazıçıların ölkəmizin həyatında, mədəniyyətində, mənəviyatında hansı önəmli işlər gördüyünün fərqindədir. Başqa şeyləri demirəm: hər kəs qonaq qarşılayanda (ən kasıbı belə) onun qarşısına urvatlı çıxmaq istəyir.
Bəli, Çingiz Abdullayev rusdillidir. Amma Solovyov kimi ermənipərəst, şovinist birisinin qarşısına çıxanda, ölkə xaricində brendə çevrilən bir yazarımız kimi onunla fəxr edəndə belə düşünmürdünüz axı!? Azərbaycan dilində danışmaq vacibdi, amma doğma dilimzidə danışan o qədər yararsız və mənasız adamlar var ki!
AYB-yə niyə pul ayırdılar deyənlər isə, inciməyin, qul psixologiyasının daşıyıcılarıdır. Hələ onu demirəm ki, (əslində deməliyəm) kimlərsə belə kritik bir məqamda dövlətlə yazıçıların arasına girməyə uğursuz cəhdlər edir. Savaş hələ bitməyib...”.
Media eksperti Azər Həsrətin dediyinə görə, Yazıçılar Birliyinin qurultayından sonra Çingiz Abdullayev və Anarın mediaya münasibətinin əsas müzakirə predmetinə çevrilməsi səbəbsiz deyil: “Hətta haqsız da deyil. Hər iki şəxs Azərbaycanda da, ondan kənarda da yetərincə tanınan böyük ədəbiyyat adamıdır. Təbii ki, diqqət mərkəzində olmalıdırlar. Və təbii ki, onlara xoşlarına gəlməyən sualların ünvanlanması da tam normaldır. Hətta bəzi jurnalistlər bu sualları naşıcasına, lap belə jurnalist etikasını pozaraq ünvanlasa da. Hörmətli Anarla Çingiz Abdullayevin vəzifəsi də ən sərt, arzuolunmaz suallara təmkinlə cavab verməkdir. Amma görürük ki, onların ikisi də, təəssüf ki, jurnalistlərlə münasibətdə uyğunsuz davranış sərgiləyib. Anarın jurnalistləri “zəhərli” adlandırması heç yerinə düşmür. Çingiz Abdullayevinsə suala verdiyi cavab həqiqətən də bir ziyalıya, məşhur yazıçıya əsla və əsla yaraşmır. Jurnalistin qurultaya xərclənən vəsaitlə bağlı lap elə kobud şəkildə sual verməsi niyə bu işə məsul olan şəxsi əsəbiləşdirməlidir? Şəxsən mən olsam, sakitcə, təmkinlə deyərdim ki, bir az başımız açılsın, hesabatı ictimailəşdirəcəyik. Yəni bunu demək çoxmu çətindir? Belə olsaydı jurnalistlər də razı qalardı və bu xoşagəlməz müzakirələr baş alıb getməzdi”.