Azərbaycanda televiziya verilişlərində iştirak edən QHT ekspertlərinə qonorar verilməsi təklif olunur.
Bu təkliflə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Milli Məclisdə “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.
O deyib ki, televiziyalarda ekspertlər üçün qonorar fondu yaradılmalıdır.
“Həmin fondun maliyyəsi hesabına verilişə dəvət olunan QHT ekspertərinə əməyinə görə qonarar verilməlidir. Çünki biz saatlarla çıxış edib fikirlərimizi bildiririk”.
AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında QHT sədrinin təklifini müsbət dəyərləndirib. O deyib ki, ekspertlərin rəy verdikləri məsələlərdə heç bir maraqları olmur, onlar mütəxəssis mövqeyindən çıxış edirlər: “Necə ki digər sahənin insanları vaxtını və enerjisini sərf etdiyi xidmət üçün ödəniş alır, o cümlədən də QHT ekspertlərinin əməyi dəyərləndirilməlidir. Belə çıxır ki, bizim gördüyümüz iş dəyərsizdir?!
O, həmin məhsulu hazırlayana qədər xeyli informasiya ilə tanış olub, onları analiz edib və öz fikirlərini izləyicilərlə bölüşüb. Çox təəssüf ki, hazırda ölkəmizdə beyin məhsulu qiymətləndirilmir. Əksinə, bizim televiziyalar hesab edirlər ki, tribuna veriblər deyə ekspertlər onlara minnətdar olmalıdır. Halbuki biz kapitalizm dövrünü yaşayırıq. Bu səbəbdən də mütəxəssilər fikirlərinə, proqnozlarına görə qonorar almalıdır. Bir tarixçi olaraq mənə sual verirlər, izah edirəm, faktları göstərirəm. Qarşılığında isə sadəcə “çox sağ ol” alıram. Halbuki, paylaşdığım informasiyaları əldə edənə qədər mənim də vaxtım və enerjim gedib.
İlqar bəyin təklifini dəstəkləyirəm. Televiziyaların ekspertlərə qarşı münasibəti dəyişməli və efirə çağırdığı hər bir ekspertə saatına uyğun ödəniş etməlidir. Bunun üçün də televiziyaların reklam bazarı genişləndirilməlidir. Dövlətin maliyyə yardımı ilə fəaliyyət göstərən TV-lər ekspertlərə qonorar ödəmək iqtidarında deyil.
Ekspertin ictimai rəydəki nüfuzu nəzərə alınmalıdır. Elə insanlar var ki, çıxıb efirdə danışanda çalışdığı müəssisəni hörmətdən salmaqdan başqa bir işə yaramır. Milli Məclis yeni tərkibdə formalaşdıqdan sonra bu simalara daha tez-tez rast gəlirəm”.
Media eksperti Azər Həsrət də hesab edir ki, televiziyalara dəvət edilən ekspertlərin həm saatlarla vaxtı gedir, həm də efir boyu öz intellektual məhsullarını təqdim edirlər. Bir növ televiziyalar öz tamaşaçı auditoriyasını genişləndirmək üçün bu şəxslərin zəkasından və beyin məhsulundan istifadə edir. Bunun qarşılığında da müəyyən məbləğdə ödəniş etməlidir: “Dünyada belə bir praktika var ki, xüsusi institutlaşmış ekspert qruplarına çıxışlar və sorğulara görə qonorar ödənilir. Bu hal bir ənənə halını alıb və efirə çağırılan hər bir ekspert üçün vəsait ödənir. Bu mənada İlqar Hüseynlinin təklifini məqsədəuyğun hesab edirəm. Amma Azərbaycan reallığında bu məsələ bir o qədər də real görünmür. Hazırda bildiyim qədəri ilə Azərbaycanda fəaliyət göstərən televiziya kanallarının heç biri ekspertlərə qonorar ödəmir. Əslində bizdə qonorar ödəməyə dəyər ekspertlərin sayı da çox deyil. Hər QHT nümayəndəsinə də pul verib efirə çıxarmaq düzgün deyil.
Qonorar məsələsindən əvvəl bu sahədə ciddi araşdırma aparılmalı və bu sektorda olan peşəkar ekspertlərə telekanallar qonorar ödəməlidir. Bu gün hər əlinə mikrofon alan ekspert çıxıb efirdən insanlara ağıl verirsə, təbii ki, televiziyalar peşəkar ekspertlərə qonorar ödəyib onları efirə çağırmaqda maraqlı olmayacaq. Yəni ekspertin qonorar istəməsindən daha vacib məsələ ekspert adlandırılan şəxsin kimliyidir. Ekspert olmaq o deməkdir ki, sən həmin sahəyə əmək sərf edirsən, ilboyu monitorinq aparırsan, aid olduğun sahə üzrə məsələləri təhlil edirsən, proqnozlar verirsən və sair. Əgər ekspertin verdiyi proqnozlar özünü doğruldursa, bir sözlə, o peşəkardırsa, niyə də qonorar verilməsin!?”.