"Azərbaycan xalqı öz liderinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi"
44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz bir növ Azərbaycanın gücünün, qüdrətinin, beynəlxalq hüquqa əsaslanan siyasətinin göstəricisi idi. Ən əsası isə Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi, xalqımızın məğrurluğunun, yenilməzliyinin təntənəsi idi.
Azərbaycan adı bundan sonra beynəlxalq arenada qalib dövlət, qəhrəmanlar diyarı kimi anılacaq, əbədi yaşayacaq.
44 gün ərzində ölkə başçısı İlham Əliyev gecə-gündüz demədən həm şanlı Azərbaycan Ordusuna Ali Baş Komandanlıq etdi, həm danışıqlar masasında qətiyyətli və prinsipial mövqe ortaya qoydu, həm də informasiya savaşına məhz özü rəhbərlik etdi.
Prezident İlham Əliyevin müsahibələrində müharibənin gedişi, mümkün ola biləcək nəticələri, mülki əhalinin aqibəti, Dağlıq Qarabağ üçün nəzərdə tutulan ictimai-siyasi çıxış yolları, Türkiyə-Azərbaycan münasibətləri, müharibədən sonra Qafqazın iqtisadi-siyasi inkişafı diplomatik dillə təhlil edilirdi. Ölkə başçısı İlham Əliyev müsahibələrində, çıxışlarında dəfələrlə bəyan etdi ki, Azərbaycan Ordusu nəinki ərazi bütövlüyünü bərpa edir, eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalan Qarabağdakı beynəlxalq terror yuvasını təmizləyir. Azərbaycanın Vətən müharibəsi həm də beynəlxalq terrorizmlə mübarizə hesab edilməlidir.
Təkbaşına dünyanın anti-Azərbaycan qüvvələrinə duruş gətirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri 44 günlük müharibədə böyük hərbi uğurlara imza atdı. Hər qarışı tarixi Azərbaycan torpaqları Azərbaycan Ordusu tərəfindən azad edildi, Vətən tarixinə, dünyanın hərb tarixinə yeni səhifə açıldı.
Milli Məclisin deputatı, professor Kamilə Əliyevanın da "Şərq"ə dediyi kimi Müzəffər Ali Baş Komandan
Prezident cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtlardan müqəddəs amal uğrunda - işğal altında qalan torpaqlarımızı azad etmək üçün yorulmadan, usanmadan çalışdı: "Cənab İlham Əliyevin gərgin əməyinin, güclü və düşünülmüş siyasətinin nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Xalqımız dünyada əzmkar, qürurlu xalq kimi tanındı. Vətən müharibəsində qazandığımız qələbəmizi şərtləndirən amillərdən biri də Prezident cənab İlham Əliyevin Azərbaycanı iqtisadi cəhətdən güclü bir dövlətə çevirməsi oldu. Məhz bu dayanıqlı iqtisadiyyat nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Dövlət büdcəsindən ordumuza kifayət qədər vəsait ayrıldı. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir silahları ilə təchiz edildi. Azərbaycan münaqişə dövründə bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi baza yaratdı. BMT nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarda qətnamələr qəbul edildi. Görülən bütün fəaliyyət Azərbaycanı Qalibiyyətə - 8 noyabr Zəfərinə aparırdı.
Azərbaycan tarixində 8 noyabr 2020-ci ildə qazandığımız böyük Zəfər qələbəmizə bərabər tutula biləcək bir tarix yaşamamışdıq. 8 Noyabr xalqımızın yaddaşında şanlı bir gün kimi qalacaq.
Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi gələbə dünyada öz unikallığı ilə tarixə yazılmış oldu. Dünya tarixində belə bir hadisə olmamışdır ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi. Əsgərlərimiz torpaqlarımız və dövlətimiz naminə öz canlarını, qanlarını əsirgəmədilər".
Millət vəkili deyib ki, Azərbaycan xalqı həmişə olduğu kimi müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət dəmir bir yumruğa çevirildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin nə gücü, nə də güdrəti çatmaz: "Prezident cənab İlham Əliyevin hərb meydanında Müzəffər sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə də böyük diplomat va güclü siyasətçi olması öz təsdiqini tapdı.Cənab İlham Əliyev 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gəldi və mübarizlik rəmzinə çevirildi. Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan bir gün də olsun Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəklərində yaşatdı. Hər zaman vətəni və dövləti sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qalib xalq kimi qazandıq.
Ulu Öndər Heydər Əliyev xalqla görüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün torpaqlarımızı qaytaracağıq" deyirdi.
Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu, irsini rəhbər tutaraq bu yolu davam etdirdi. "Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır" söyləyirdi. Ölkə başçımız Ulu öndərə və xalqa verdiyi vədləri yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün cənab İlham Əliyevin Ulu öndərin qəbrini ziyarət etməsi və orada "Mən xoşbəxtəm ki, ata vəsiyətimi yerinə yetirdim" deməsi xalqın öz liderinə olan sevgisini daha da artırdı. İlham Əliyev öz irsinə, dövlətinə, xalqına bağlı bir şəxsdir. Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapıb və tapmaqdadır.
Bu gün Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə günahsız qətlə yetirilmiş mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz bütün dünyaya göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq.
Böyük Zəfərdən sonra artıq Böyük Qayıdış proseslərinə start verilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük dövlət xadimi, dünya azərbaycanlılarının lideri kimi artıq işğaldan azad edilmiş torpaqlara qayıdış prosesinə də rəhbərlik edir. Bu missiyada da bütün Azərbaycan xalqı İlham Əliyevin ətrafında mütəşəkkil şəkildə birləşib".