Azərbaycan İsraildə səfirlik açır. “Sherg.az”ın xəbərinə görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Toplantıda deputatlar “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycan həm də Fələstində diplomatik nümayəndəlik açır.
Toplantıda deputatlar “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.
Məsələni “Sherg.az”a şərh edən analitik Aqşin Kərimovun sözlərinə görə, çox adam elə bilir ki, Azərbaycan Fələstin-İsrail münaqişəsində ikincinin mövqeyini dəstəkləyir. Azərbaycan isə nə faktiki, nə hüquqi, nə də siyasi cəhətdən İsraili dəstəkləyir:
“Azərbaycan, münaqişənin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllində maraqlıdır. Azərbaycanın həm İsraildə səfirlik açılması, həm də Fələstində nümayəndəlik təsis edilməsi qərarı da həmin balansı saxlamaqdır. Bununla belə İsrail Azərbaycana heç zaman Fələstin məsələsinə görə etiraz etməyib, çünki bu mövqe Bakı-Təl-Əviv tərəfdaşlığına xələl gətirmir. Digər tərəfdən Fələstin Azərbaycandan əməli dəstəklər də gözləmir, sadəcə siyasi dəstək ona bəs edir. Azərbaycanın Fələstinlə də münasibətləri normal axındadır!”.