"Şuşada keçirilən aksiya nəticəyə varana qədər davam edəcək".
Bu barədə "Sherg.az"a "Globalinfo.az" baş redaktoru, əməkdar jurnalist Azər Ayxan Şuşada Azərbaycanın təbii sərvətlərinin talan etməsinə qarşı keçirilən humanitar aksiyadan danışarkən bildirib.
Baş yazarın qənaətincə, Azərbaycanın artıq geri addım atması mümkün görünmür:
"Dövlətin iradəsi ilə xalqın istəyi üst-üstə düşəndə qarşısında heç bir qüvvə dayana bilmir. Necə ki Vətən müharibəsində xalq-dövlət birliyi bizi qələbəyə apardı, bu cür humanitar aksiyalarda da müsbət nəticə əldə edəcəyimiz şübhəsizdir.
Güclüyük deyə haqlı deyilik, haqlıyıq deyə güclüyük. Beynəlxalq hüquqdan kənar heç bir addım atmırıq. Beynəlxalq hüququ isə elə daha çox beynəlxalq birliyin, dünyanın əsas gücləri pozur.
Buna rəğmən ölkəmiz hər zaman öz haqlı mövqeyini hüquqla eyniləşdirir. 44 günlük müharibə zamanı Ermənistan Gəncəni, Bərdəni dəfələrlə qadağan edilmiş raketlərlə vursa da, Azərbaycan ordusu düşmənin heç bir mülki obyektinə atəş açmadı. Dinc şəhərlərə raket atmadı. Ordumuz mülki əhaliyə qarşı silah tətbiq etməyib. Bu prinsip dinc aksiyalarda da əsas götürülür.
Azərbaycana aid ərazilərdə suveren haqlarımızı bərpa etmək üçün lazım gəldikdə silaha sarılırıq, zəruriyyət olduqda dinc aksiyalar keçiririk".