Cərimə anlayışına doğru yanaşmalıyıq

Məqsəd qanunun pozulmasının qarşısını almaqdır


  “Niva”nın arxasında göyərti satan adama necə 1 500 manat cərimə yazmaq olar? Hansı ki, iri biznesi olan sahibkar heç vergi belə ödəmir, ona cərimə yazılmır”.
  Bu sözləri Milli Məclisin iclasında  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
O qeyd edib ki, inkişaf etmiş ölkələrin 80 faizi gəliri məhz kiçik və orta biznezdən əldə edilən vəsait hesabına formalaşır: “Cərimələrin yüksək olması inkişafa mane olur. Sahibkar fikirləşir ki, bu qədər yüksək cərimə ödəməkdənsə işimi bağlayıb. Ya da haramısa zədələyib əlillik alım”.

  Ekspertlər isə hesab edir ki, qanunların, qaydaların pozulmasının qarşısını almaq üçün cərimələrlə bərabər maarifləndirmə işi də  aparılmalıdır. Tez-tez maarifləndirmə verilişləri təqdim edilməli, sosial roliklər, informasiyalar çatdırılmalıdır. Vətəndaşlar bilməlidir ki, dövlətin cərimə siyasətinin fəlsəfəsi vətəndaşı qanuna tabe olmağa dəvət etməkdir.

  İqtisadçı-ekspert Eldəniz Əmirovun  “Şərq”ə açıqlamasına görə, əsas məsələ cərimələrin az və çoxluğunda deyil. Cərimə anlayışına  doğru yanaşmalıyıq.  Cərimənin məqsədi qanunun pozulmasının qarşısını almaqdır. Yəni qanunvericilikdə qadağan olunan hər hansı bir  fəaliyyətlə  məşğul olmaq olmaz: 

“Yüksək cərimə də  məhz qayda pozuntularının sayını azaltmaq üçün nəzərdə tutulub. Cərimələrin yüksək olması Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına  mane olur məntiqindən belə çıxır ki, cərimələr aşağı olsa, həmin sahibkarlar da qanunla qadağan olunan qaydaları  pozaraq öz biznesini inkişaf etdirə bilər. 

Axı cərimələrin tətbiqi vətəndaşları qanuna riayət olunmasına sövq etməkdir. Cərimələrin məbləğinin qaldırılması buna gətirib çıxarır ki, vətəndaş cərimə olunmaqdan çəkinir, qanunları pozmur. 

Qanun hansısa təsərrüfat subyektinin inkişaf  etməsinə mane  olursa, demək ki, onun zərəri faydasından daha çoxdur. Cərimələrin məbləği yüksək olduğu halda kimsə qaydaları pozursa, demək ki, bu məbləğ o qədər də yüksək deyil. Cərimələrin məbləği hədsiz çox olanda  vətəndaş cərimə olunmaqdan çəkinir, qanunları pozmur”.