"Ötən günlərdə sülh sazişi ilə bağlı müzakirələrin keçirilməsi üçün rəsmi Moskva və rəsmi Vaşinqton arasında sanki üstünlük qazanma yarışı var idi. Öz növbəsində erməni mediası keçən həftə hakimiyyətdəki mənbələrinə istinadla yazıb ki, ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiq edilməsi üçün təzyiq göstərir. İddialara görə, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson Baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur. Ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin olunur".
Bu sözləri "Sherg.az"a politoloq İlyas Hüseynov ABŞ dövlət katibi Entoni Blinkenin bu axşam Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla baş tutacaq görüşündən danışarkən deyib. Ekspert diqqətə çatdırıb ki, bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda görüşəcək, həmçinin Blinkenin iştirakı ilə Bakı vaxtı ilə saat 17:45-də üçtərəfli görüşün başlaması planlaşdırılır:
"Azərbaycan-Ermənistan sülh danışıqlarında deyəsən, beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib. Bəzi məlumatlara görə, danışıqlar bir neçə gün davam edə bilər. Bu, artıq prosesin ciddi xarakterindən xəbər verir. Əsas məsələ ondan ibarətdir ki, sülh müqaviləsinin yol xəritəsində hər nöqtəyə, hər vergülə, hətta hər nidaya ciddi diqqət yetirilsin. Ötən dövr ərzində qarşı tərəfin neçə söz oyununa getdiyini, bəyanatları öz bildikləri kimi necə interpretasiya etdiyinin şahidi olmuşuq. Rəsmi Vaşinqton çalışır ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə qədər bütün məsələlərin razılaşdırılmasına nail olsun. Nəticədə rəsmi Moskvanın təşəbbüsü ilə keçirilən görüş əhəmiyyət daşımasın. Ötən il Praqadan sonra Soçidə imzalanan sənədlərin mahiyyəti dediklərimizi təsdiq edir. Artıq Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün anonsu verilib. Şimal qonşumuz prosesləri diqqətlə izləyir. Danışıqlar bir neçə gün davam edərsə, istisna olunmur ki, zəmin üzərində təxribatlar da baş verə bilər. Buna da hazırlıqlı olmaq lazımdır. Həmçinin ötən həftəsonu İrəvanda olan Fransa XİN başçısı Ketrin Kolonna bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələ bilərlər. Görünən budur ki, Kişinyov görüşünə qədər Vaşinqton maksimum dərəcədə tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışacaq. ABŞ-ın diplomatik fəallığı fonunda sülh müqaviləsinin imzalanacağı iddiası güclənir. İzləyək, vasitəçilərdən asılı olmayaraq, sülh gündəliyimiz dəyişməz olaraq, qalır".
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken bu axşam Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 17:00-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutacaq. Bundan əvvəl E.Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək. ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.