"Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi-texniki əməkdaşlığı artıq ənənəvi hal alıb".
Bunu "Sherg.az"a ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşündən danışarkən deyib. Onun sözlərinə görə, münasibətlər bu istiqamətdə inkişaf etməkdədir:
"Qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üç ölkənin güc strukturlarının, xüsusən də, Müdafiə Nazirliyinin əməkdaşlığının çox vacib inkişaf istiqamətidir. Sözügedən hərbi təhsil müəssisələri rəhbərlərinin Bakıda görüşü hərbi əməkdaşlığın bir hissəsidir. Gürcüstan Azərbaycanda kadrların və xüsusi təyinatlı ali təhsil müəssisələrinin işinə həmişə maraq göstərib. Onların nümayəndələri buraya gələrək, ölkəmizin təcrübələrindən faydalanıblar. Hazırda hərbi kadrlar hazırlayan təhsil müəssisələri təcrübədə böyük hərb tarixinə malik olan Türkiyənin yanaşmalarından istifadə edir. Ona görə də sözügedən görüş Azərbaycan, Türkiyə və Gürcüstanın iş birliyinin bir hissəsi rolunda çıxış edərək, Milli Müdafiə Universitetində hərbi təhsil sistemimizə müsbət təsir göstərəcək. Hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü çox yaxşı haldır. Hər bir ordunun əsasını hərbi kadrlar təşkil edir. Onların da hazırlanması işi təbii ki, hərbi təhsil müəssisələrinin üzərinə düşür. Hər il Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə fəaliyyət və əməkdaşlıq planları hazırlanır. Sözügedən görüş də həmin planda öz əksini tapır. Məlum toplantı prinsipcə üç ölkə arasında dostluğun daha da möhkəmləndirilməsi, hərbi əməkdaşlığın inkişaf etdirilməsi və gələcəkdə qarşıya qoyulan tapşırıqların birgə yerinə yetirilməsinə öz töhfəsini verəcək".
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, Milli Müdafiə Universitetində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.