"Formatların dəyişməsi nəticə vermir. Əslində Ermənistan Vaşinqton görüşünün yekununda köhnə mövqeyində qaldığını göstərdi".
Bunu "Sherg.az"a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın liderlərin Brüssel görüşünə razılıq verməsindən danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq istəmir:
"Təbii ki, bu əsaslarla sülh sazişi imzalana bilməz. Ona görə də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə hansısa nəticənin əldə olunması gözlənilən deyil. Paşinyan artıq Rusiyanın vasitəçiliyinə üstünlük verdiyini bəyan edib.
Həmçinin bildirib ki, Rusiyanın təklifi rəsmi İrəvan tərəfindən qəbul olunur. Şifahi şərhə görə, guya, Qarabağın “statusu”na sonra baxılacaq. Əslində Paşinyan Azərbaycanın təzyiq altında öz mövqeyini dəyişəcəyini zənn edir. Ümidləri Rusiyayadır".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan və Ermənistan liderləri arasında Brüssel və Kişinyov görüşlərinə dair suala cavab verib. O bildirib ki, Azərbaycan tərəfi ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib.