"Bir vaxt Azərbaycan televiziya və radio kanallarının çöküş dövrü oldu. Özəlliklə də, ölkə tamaşaçılarının böyük əksəriyyəti Azərbaycan telekanallarına baxmamağa üstünlük verirdi".
Bunu "Sherg.az"a media eksperti Azər Həsrət Sosial Tədqiqatlar Mərkəzinin (STM) əhali arasında keçirdiyi növbəti sorğu barədə danışarkən deyib. Onun sözlərinə görə, xeyli əvvəl Türkiyə kanalları əlçatanlıq baxımından daha çox izlənilirdi:
"TRT-1, həmçinin Rusiya kanallarının da yerüstü yayımı mövcud olub və adi antena vasitəsilə baxıla bilirdi. İnsanların alternativləri olduğuna görə, yerli telekanallardan mümkün qədər qaçmaq, daha çox xarici kanallara üz tutmaq meyilləri var idi. Eyni zamanda peykdən yayımlanan kanalların əlçatanlığı seçim imkanlarını daha da genişləndirirdi. Bütün bunlar Azərbaycan üçün böyük bir təhlükədən xəbər verirdi. Yəni Azərbaycan tamaşaçısının xarici kanallara üstünlük verməsi ümumi dövlət siyasətinə ziddir. İdeoloji çatların yaranmasına səbəb olur. Vətəndaşların vətənpərvərlik hisslərinin zəifləməsinə gətirib, çıxarır. Ona görə də Azərbaycan dövləti məlum narahatlığı vaxtında aşkar edərək, tədbirlər görməyə başladı. Atılan addımların "işığında" Azərbaycan televiziya kanallarının daha müstəqil, rəngarəng, tənqidçi olması üçün əlavə imkanlar yaradıldı. Xüsusilə də, İctimai TV və Azərbaycan Televiziyası (AzTV) artıq tənqidçi kanallara qoşulduqdan sonra vəziyyət xeyli dəyişməyə başladı. Əlbəttə ki, tamaşaçılar zamanla İctimai TV və AzTV-yə baxmağa üstünlük verdilər. Nəticə etibarilə 2020-ci ildə başlanan 44 günlük Vətən savaşında xalqımız böyük həvəslə yerli telekanalları izləməyə başladı. Müharibədən sonrakı dövrdə də, bu gün də həmin kanallara bağlılıq davam etdi və edir. Müharibə günlərindəki qədər olmasa da, Azərbaycan televiziya kanallarına baxış xeyli yüksəkdir. Bu, sevindirici haldır. Məlum tendensiyanı mümkün qədər ayaqda tutmağa çalışmalıyıq. Elə etməliyik ki, tamaşaçılarımız başqa ölkələrin kanallarına deyil, məhz Azərbaycan televiziyasına baxmağa üstünlük versinlər. STM-in keçirdiyi sorğu əlbəttə ki, əhalinin az hissəsini təşkil edir. Yəni auditoriya böyük deyil. Amma yenə də ürəkaçan rəqəmlərdir. Düşünürəm ki, daha böyük auditoriya arasında sorğu keçirilsə, yəqin, rəqəmlər yenə də fərəhləndirici olacaq".
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan əhalisinin televiziyalarda ən çox hansı növ verilişləri, proqramları izlədiyini sorğu vasitəsilə öyrənib. Ümumi nəticələrə görə, respondentlərin 81.8%-i televiziya kanallarını izlədiyini, 18.2% izləmədiyini bildirib. O cümlədən, sorğuda iştirak edənlərin 69.8%-i əsasən yerli televiziya kanallarına, 12.0%-i xarici televiziya kanallarına üstünlük verdiyini ifadə edib. Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub.