"Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri ilə sıx əməkdaşlıq edir. Əlaqələrin bir neçə aspektdən inkişafına şahid oluruq".
Bunu "Sherg.az"a deputat Asim Mollazadə “Avropa siyasi birliyi” 2-ci Zirvə görüşünü şərh edərkən deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycan Avropa ölkələri ilə ikitərəfli strateji tərəfdaşlığa dair sənədlər də imzalayıb:
"Ölkəmiz Avropa Birliyinin enerji sahəsindəki strateji tərəfdaşı hesab edilir. Dövlətimizin həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyində çox əhəmiyyətli rola malikdir. Azərbaycan hazırladığı layihələri genişləndirərək, Avropaya ən çətin və ağır vəziyyətdə olduğu zamanlarda enerji, əsasən də, təbii qaz ixrac edə bilir. Dövlətimiz artıq Aİ ölkələrinə eyni zamanda yaşıl və elektrik enerjisini çatdırmaqla bağlı müəyyən layihələr hazırlayıb. Bu proses getdikcə genişlənməkdə davam edəcək. Düzdür, Avropa Parlamentində müəyyən erməni lobbisinin təsiri altında olan bəzi siyasətçilər bizə qarşı müəyyən sənədlər qəbul edir. Amma hazırda Avropa Azərbaycandan daha çox asılıdır".
Qeyd edək ki, İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparıblar.