"Torpaqlarımız işğaldan azad olunandan sonra Ölkə başçısı bildirdi ki, kim Qarabağda yaşamaq istəyirsə, aidiyyəti quruma müraciət etsin. Bəlkə də Azərbaycanda ilk adam idim, bu çağırışı eşidər-eşitməz Xankəndidə yaşamaq istədiyimi çatdırdım".
Bunu "Sherg.az"a araşdırmaçı jurnalist Sərxan Carçı Xankəndiyə köçmək arzusundan danışarkən deyib. O bildirib ki, Qarabağda yaşamağa hazırdır:
"Çox keçmədi, Prezident Adminstrasiyasından zəng gəldi. Müraciətimlə bağlı suallar verdilər. Ailə üzvlərimlə məsləhətləşdiyimi dedim. Zəng edən əməkdaş niyə məhz Xankəndidə yaşamaq istədiyimi soruşdu. Mən də işğaldan azad olunan ərazilərin birinə, xüsusən də, Şuşaya köçmək niyətimi ifadə etdim. Amma məhz Xankəndidə ermənilərlə qarşı-qarşıya yaşamaq arzum var. Bu, prinsip məsələsidir. Hazırda da eyni fikirdəyəm, həmin sözümün üstündəyəm. Məktubumun qeydə alındığını diqqətə çatdırdılar. İndi də qeydə alınmış məktubuma növbəti reaksiyanın, köçənlərdən biri olmağımla bağlı gələcək zəngin arzusundayam. Lakin prinsip naminə Xankəndi olsa, lap yerinə düşər".