"Jurnalistləri ayrı kateqoriyaya ayırmaq istəmirəm. Çünki bütün peşə sahibləri, yəni cəmiyyətin hər bir üzvü son vaxtlar xüsusilə, ürəktutmasından dünyasını dəyişir. Özü də çox gənc yaşında".
Bunu "Sherg.az"a Əməkdar jurnalist Ləman Ələşrəfqızı son vaxtlar media nümayəndələrinin ürəktutmasından dünyasını dəyişməsi hallarının artmasından danışarkən deyib. Onun sözlərinə görə, artıq insanlar heç orta yaşa gəlib çata bilmirlər:
"Əlbəttə, bizim peşənin özəllikləri, stresli tərəfləri, sözü deyə bilməməyin ürəyə yaratdığı fəsadlar var. Jurnalistika heç vaxt bugünkü qədər acınacaqlı duruma düşməyib. Ona görə istisna deyil. Bəzən ədalətli, vicdanında axsaqlıq olmayan insanlar "desəm, öldürərlər, deməsəm, ölləm" dillemması qarşısında çar-naçar qalırlar. Demək istədiklərini dilə gətirə bilmirlər. Bütün bunlar təbii ki, ürəkdə yığılır, qalır və hansısa bir fəsad törədir. Lakin istənilən halda Azərbaycanda ölüm gəncləşib. Parlamentdə oturanlara səslənək, ən azından pensiya yaşının azaldılması məsələsini təkid etsinlər. Həmin mövzunu gündəmə gətirsinlər. Adamlar pensiya yaşına çıxa bilmir, artıq 50-55 yaşında dünyasını dəyişirlər. Jurnalist Zülfüqar Hüseynzadə üçün də çox üzüldüm. Sanki ikinci dəfə qardaşımı itirdim. Getdiyi doğma yurdunda vəfat etdi. Allah rəhmət eləsin! Lakin bütünlükdə Azərbaycanda sosial durum, stresli həyat, rifahımızın xoş olmaması sonda belə problemlərə gətirib, çıxarır. Kaş, ölkədə sosial vəziyyətimiz düzəlsin, insanlar mənəvi rahatlıq tapsınlar".
Psixoloq, psixoterapevt, tibbi jurnalist Ramil Nəcəfli isə bildirib ki, ürək xəstəliklərinin yaşı son vaxtlar cavanlaşıb:
"Jurnalistlərin ürəktutmasından dünyasını dəyişməsi doğrudan da, onların peşəsinin son dərəcə gərgin, iş yükü və streslərinin həddindən artıq çoxluğunun göstəricisidir. Həmçinin psixoloji portreti incələyəndə məlum olur ki, bu adamlarda içə basdırılmış duyğular, emosiyalar, özünü ifadə edə bilməmək, içinə sindirmədikləri hansısa hadisə, olaylar olur. İnsanın daxilində təzyiq formasında qalır, psixoloji bir partlayışa çevrilir. Bu partlayış ürəktutması, ürəyin anidən dayanması şəkilində özünü göstərir. Jurnalistlər o qədər gərgin və stresli həyat yaşayırlar ki, öz sağlamlıqlarını yaddan çıxarırlar, sağlamlıqlarına qarşı laqeyd yanaşmaq məcburiyyətində qalırlar. Vaxtı-vaxtında müayinələrə getmirlər. Bəzən səhhətlərində hansısa gizli proseslər gedir, xəbərləri olmur. Check-up müayinələrinə vaxt tapmır və ya istəmirlər. Günlərin birində də içəridə gedən gizli proseslər nəticəsində ağır ürəktutması və ya digər ankoloji xəstəliklər formasında özünü büruzə verir. Həqiqətən də, son vaxtlar jurnalistlərin ürəktutmasından vəfat etməsi halları onu deməyə əsas verir ki, bu sahədə iş yükü ağır, gərgin və streslidir".
Qeyd edək ki, axır vaxtlar jurnalistlərin ürəktutmasından dünyasını dəyişməsi halları artıb. Son bir həftədə tanınmış teleoperator Tural Qasımov, "Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə ürəktutmasından vəfat edib.