"Qurban bayramı müsəlmanların ən müqəddəs günlərindən biridir".
Bunu "Sherg.az"a ilahiyyatçı Hacı Təyyar qarşıdan gələn müqəddəs bayramın əhəmiyyəti, qurbanların kəsilmə qaydasından danışarkən deyib. O vurğulayıb ki, əsrlərdir, xalqımız bu bayramı yüksək əhval-ruhiyyə ilə qeyd edir:
"İslam dini saflıq, paklıq, təmizliyin özüdür. Kəsim məntəqələrində antisanitar vəziyyət yaratmaq, heyvan içalatlarını hara gəldi atmaq doğru deyil. Xüsusilə də, bu mötəbər bayramda qurbanların kəsimi çox fərqli şəkildə həyata keçirilməlidir. Yəni çox şəffaf, gözəl, insanların zövq aldığı bir mühit yaradılmalıdır. Heyvan içalatı, qanı, dərisinin ətrafa yayılan xoşagəlməz qoxusu insanlarda Qurban bayramına qarşı ikrah hissi aşılamamalıdır. Bu, İslam dinində qəbul edilmir. Kəsilmək üçün seçilən qoyunlar sanki qüsursuz, gözəl, fərqli olur. Ona doyunca su içirtmək, qidalandırmaq vacibdir. Qoyunları biri-birinin gözünün önündə kəsməməliyik. Həmçinin iti bıçaqla kəsilməli, qanı görünməməlidir. Xoşagəlməz görüntü yaratmaq olmaz. Hətta azyaşlı, hamilə qadınlar, ürəyi zəif insanlar qurban kəsilən yerə buraxılmamalıdır. Bir sözlə, proses elə reallaşdırılmalıdır ki, ancaq gözəllik görünsün. Xırdabuynuzlu heyvanlar 6 ayını keçməli, iribuynuzlulardan isə 1 yaşlılar alınmalıdır ki, bir qədər ətə gəlmiş olsun. Qurbanı bir neçə nəfər birləşib, şərikli kəsə bilər. Əsas odur ki, bu bayrama gözəl əhval-ruhiyyə qataq. Maddi durumu zəif olan şəxsləri bir araya gətirmək yaxşı haldır. Çünki, paylaşmaq, insanlıq bayramıdır. Həzrəti İbrahim Peyğəmbərin ilahi insanlıq sınağından keçmiş fədakarlıq bayramıdır. Allah xalqımızın qurban bayramını mübarək eləsin!".