"Anlamırlar ki, absurd qərarlarla dövlətin adına xələl gətirirlər, heç olmasa, oturduqları və çörək ağacları olan kreslolarına, vəzifələrinin adına hörmət etsinlər".
Bunu "Sherg.az"a iqtisadçı Natiq Cəfərli Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılmasından danışarkən bildirib. Onun sözlərinə görə, dünyada karantin ləğv edilib, ÜST protokolları qüvvədən düşüb, virusla bağlı hətta qaranlıq məqamların araşdırıldığı dövr başlayıb, dünyada minlərlə məhkəmə işləri var. Məmurlar isə virusu bəhanə edib ölkəni nüfuzdan salırlar:
"Virus bəhanədirsə, əsas məsələ təhlükəsizlikdirsə, bu lap böyük rüsvayçılıqdır. Belə çıxır ki, Azərbaycan dövləti öz təhlükəsizlik konsepsiyasını quru sərhədlərin bağlı olması üzərinə inşa edib.
Heç yaxşı görüntü deyil, qonşularımızın sərhəddi açıqdır, bizdən güclü dövlətlərdirlər ki?! Öz təhlükəsizliklərini açıq sərhədlə təmin edə bilirlər, biz isə yox?! Axı heç nə olmasa da, Azərbaycanda güclü hüquq-mühafizə, total nəzarət sistemi yaradıblar, o zaman bu nə israr, yanaşmadır?! Bu israrın acı nəticələri olacaq, insanı-vətəndaşı bu qədər aşağılamaq olmaz! Belə sistemlə sıxdıqları bütün “boltları” bir gün “sorvat” edəcəklər..."
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.