BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı vəziyyətin müzakirəsi məqsədilə iclas keçirəcək. Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəliyi öz saytında məlumat verib.
Saytda dərc olunan müvafiq bildirişə əsasən, iclas avqustun 16-da, yerli vaxtla saat 15:00-da keçiriləcək.İclasda Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edəcəklər.
Sabahkı iclası "Sherg.az"a şərh edən millət vəkili Naqif Həmzəyev söyləyib ki, bundan öncə də BMT Təhlükəsizli Şurasında Azərbaycan əleyhinə qətnamələrin qəbuluna cəhd edilib:
"Ancaq bu cəhdlərin hamısı uğursuzluqla nəticələnib. Bu dəfə də ermənilərin hansısa nəticə əldə edə bilməyəcəyini düşünürəm. Çünki faktiki olaraq Azərbaycan Laçın keçid məntəqəsinin quraşdırılmasını qanunauyğun şəkildə həyata keçirib. Hətta bu post qurulduqdan sonra biz bir çox qanunsuz yükdaşımaların və terrorçuların qarşısını almışıq.
Bununla bağlı da beynəlxalq təşkilatlara kifayət qədər məlumat verilib və faktlar dünya ictimaiyyətinə çatdırılıb. Həmçinin Ermənistanın yaratdığı tır şousunun hansı hədəflərə kökləndiyini də hər kəs bilir. Digər tərəfdən Azərbaycan alternativ kimi Ağdam-Xankəndi yolunu təklif edib. Düşünürəm ki, bu təklifi qəbul etməyərək rəsmi İrəvan tır şousunu daha da böyütmək istəyir".
Parlamentarinin sözlərinə görə, Xankəndində faktiki olaraq heç bir böhran yoxdur:
"Biz Xankəndində toy məclislərinin keçirildiyinin, restoranların və mağazaların işlək vəziyyətdə olduğunun şahidi oluruq. Yəni orada heç bir ərzaq qıtlığı yoxdur. Hazırda isə Ermənistan tərəfindən dezinformasıyalar yayılır və Qərb mediasında dərc olunur. Bu isə böyük bir planın tərkib hissəsidir. İstənilən halda Azərbaycan regionda dayanıqlı sülhün əldə olunması üçün böyük səylər göstərib. Ermənistan isə bu xoşagəlməz addımları atmaqla sülhə kölgə salır və qeyri-səmimi olduğunu ortaya qoyur. Hətta şərti Azərbaycan sərhədinə silah-sursat yığaraq növbəti müharibəyə hazırlaşır. Ancaq istənilən halda Azərbaycan sülhə mütləq nail olacaq. BMT Təhlükəsizlik Şurasından da Mirzoyanın məyus şəkildə geri dönəcəyini zənn edirəm. Çünki onların əllərində olan faktlar imkan vermir ki, Azərbaycanın əleyhinə hansısa qətnamə qəbul edilsin. Biz ümid edirik ki, bu uğursuzluqdan sonra rəsmi İrəvan reallığı dərk edə biləcək və sülh yolunda addımlar atacaq".