BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı vəziyyətin müzakirəsi məqsədilə iclas keçirəcək. Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəliyi öz saytında məlumat verib.
Saytda dərc olunan müvafiq bildirişə əsasən, iclas avqustun 16-da, yerli vaxtla saat 15:00-da keçiriləcək.
Xatırladaq ki, iclasda Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edəcəklər.
BMT adlandırılan qurumun bir neçə böyük dövlətin əlində alətə çevrildiyini söyləyən millət vəkili Elman Məmmədov "Sherg.az"a vurğulayıb ki, həmin təşkilatın son 30 il ərzindəki fəaliyyəti bunu deməyə əsas verir:
"Həmin BMT Azərbaycan torpaqlarının azad olunması üçün 4 böyük qətnamə qəbul etsə də, bu 28 il kağız üzərində qalıb. Ancaq başqa məsələlərlə bağlı qəbul etdiyi qətnamələrin mürəkkəbi qurumamış icra edilib. Demək ki, bu qurum kimlərinsə iradəsinə tabedir və onların istəklərini yerinə yetirir. Bu gün baş tutacaq dinləmə Ermənistanın yox, Fransanın təzyiqi və təkidi ilə baş tutur. Ümumiyyətlə ermənilərin özlərindən çox Azərbaycana və Türkiyəyə qarşı təzyiq göstərmək istəyən güclər "problemlər"dən məharətlə istifadə edirlər".
Parlamentari qeyd edib ki, bu günə qədər Azərbaycan tərəfindən bütün qurama dinləmələrə dəlil-sübutlar və faktlar ortaya qoyulub:
"Bu gün də bütün faktlar BMT-nin önünə qoyulacaq. Ümumiyyətlə Azərbaycanın tutduğu istiqamət haqq və sülh yoludur. Bizə qarşı olanlar isə şər, böhtan, təzyiq göstərməklə nəyəsə nail olmaq istəyir. Ancaq onlar unudur ki, indiki Azərbaycan istəklərini diqtə edə biləcəkləri köhnə zəif dövlət deyil. Artıq ortada güclü Azərbaycan və müttəfiqləri var".