Rəsmi Moska Avropa danışıqlarını tormozlayır - Ekspert


 Ötən gün  nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqlar, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov son zamanlar Ermənistanın bölgədə artan hərbi-siyasi təxribatlarının, bölgədə “blokada” və “gərgin humanitar vəziyyət” barədə saxta və əsassız iddiaların sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.

Avropa İttifaqı tərəfindən də dəstəklənmiş Ağdam-Xankəndi yolundan istifadə və buna paralel olaraq Laçın yolunda gediş-gəlişin intensivləşməsi barədə, eləcə də erməni sakinlərin nümayəndələri ilə reinteqrasiya isriqamətində görüşə dair razılıqların pozulmasının Ermənistanın normallaşma prosesində maraqlı olmadığını göstərdiyi vurğulanıb. Tərəflər, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regiomal məsələləri müzakirə ediblər.

Toivo Klaarın Ermənistan və Azərbaycana səfərinin normal diplomatik fəaliyyət olduğunu deyən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az" qeyd edib ki, tərəflər arasında balanslaşdırılmış siyasət Avropa Birliyinin öhdəliklərindən biridir:

"Ümumiyyətlə , eyni öhdəliyi kağız üzərində Rusiya da götürmüş sayılır. Rusiya rəhbərliyi  hər zaman sual veriləndə deyir ki, biz tərəf tutmuruq və balanslaşdırılmış siyasət apararaq hər iki tərəfi sülhə çağırırıq. Amma rəsmi formada  biz görürük ki, Kreml problemin həlli üçün fəaliyyət göstərir. Məsələn, Brüssel və Vaşinqton görüşlərindən bir müddət sonra tərəflər Moskvaya çağırılaraq söhbət aparılır. Sanki Moskva Brüssel və Vaşinqton görüşlərini tormuzlama funksiyasını öz üzərinə götürüb. Yəni hər dəfəsində birbaşa danışıqların yolverilməz olduğunu və Ermənistan-Azərbaycan münaqişəsinin ancaq Rusiyanın iştirakı ilə həll ediləçəyini  vurğulamağa çalışır. Əlbəttə ictimaiyyətə şimal qonşumuzun belə açıq tələbləri çatdırılmır. Digər tərəfdən Avropa Birliyi də Qarabağ məsələsinin özünəməxsus mənfəət çərçivəsində həllinin tərəfdarıdır. Bu səbəblə də Klaarın Azərbaycana  gələrək müəyyən təklif etməsi və görüşlər keçirməsi sülh müqaviləsinin bağlanmasının təzahürü deyil. Çünki ortada Moskva var və onlar bacardığı qədər müqaviləyə qarşı çıxacaq. Əlbəttə ,  Ermənistan tərəfindən törədilən təxribatlardan da Rusiyanın xəbərdar olduğu, hətta bəzən özü tərəfindən sifariş edildiyini unutmamalıyıq. Ümumiyyətlə sərhəddəki tır şousu da Rusiyanın Amerika və Avropanın sülh təşəbbüsünün qarşısını almaq üçün yaratdığı maneədir".