Avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb.
"Sherg.az" xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə - 90 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma avqustun 5-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub.
Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Füzuli şəhərinə ilk köçü yüksək qiymətləndirdiyini söyləyən “Bizim yol” qəzetinin baş redaktoru , əslən Füzulidən olan Bahəddin
Həziyev "Sherg.az"a bildirib ki, orada gedən tikinti-quruculuq işlərini şəxsən görmək imkanı olmayıb:
"Təbii ki, əhalinin öz torpaqlarına qayıtması hamımız üçün xoşbəxtlikdir. Xüsusən də qayıdışda ilk iştirak edən ailələr daha çox şad olmalıdır ki, 30 ildən sonra öz ata-baba yurdlarına köçürlər. Ümumiyyətlə Füzuli şəhərində və onun işğaldan azad edilən kəndlərində bir dənə də sağlam tikili qalmamışdı. Yəni evlər, abidələr, hətta qəbristanlıqlar belə dağıdılıb. Amma artıq bərpaya başlanılıb və xeyli işlər görülüb. Bu isə çox sevindirici haldır. Növbədə isə Ağdam, Şuşa, və başqa azad olunmuş torpaqlarımız var. İnşallah , bütün insanlar didərgin düşdüyü yurdlarına tezliklə köçəcək. Mənim də arzum budur ki, imkanım olsa mənzilimi dəyişib Füzuli şəhərinə gedim və orada yaşayım".
Qeyd edək ki, qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.