Əlvida MDB: Moldova Rusiyanın real təhlükə yaratdığını anlayır - ŞƏRH

Bir neçə gün bundan öncə Moldova Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının silahla təmin edilməsi prinsipləri haqqında Sazişindən çıxmaq qərarına gəlib.

Müvafiq qərar layihəsi təsdiq olunmaq üçün parlamentə göndərilib.

Həmçinin avqustun 18-də Moldova səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd olunub ki, buna səbəb Moldovanın Rusiya səfirliyinin işçilərinin sayını azaltmaq qərarı olub.
Bildirilib ki, bu qərar münasibətlərin daha da pozulmasına gətirib çıxara bilər.

Hətta vurğulanıb ki, buna adekvat addım olaraq Moldovanın bəzi rəsmilərinin Rusiya ərazisinə girişi qadağan olunur.

İki ölkə arasındakı əlaqələrin əvvəl də yaxşı olmadığını bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a söyləyib ki, Moldova rəsmiləri zaman-zaman Rusiyadan uzaqlaşmaqla bağlı məlumat yayıblar:
 
"Görünür ki, artıq bu proses sürətlənməkdədir. Bunun da əsas səbəbi artıq Moldovanın Rusiyanın region üçün real təhlükə yaratdığını anlamasıdır. Digər tərəfdən Moldova da eynilə Ukrayna kimi Qərb yolunu tutub və indiki məqamda onlara yaxınlaşmağa çalışır. Moldovanın ard-arda MDB sazişlərindən çıxması da məhz bununla bağlıdır. Həmçinin ola bilsin ki, rəsmi Kişinev Moskva ilə hansısa gələcəyin olmadığını başa düşür. Yəni onlar Ukraynada Rusiyaya sağalmaz yara vurulduğunu anlayır. Bu səbəblə də MDB sazişlərindən getdikcə uzaqlaşır".

Analitik əlavə edib ki, baş verən proseslər fonunda tərəflər arasında gərginlik arta bilər:

"Hətta gələcəkdə Rusiyanın Moldovaya hərbi müdaxiləsi də istisna deyil. Ən azından sərhəddə təxribatlar törədilə bilər. Çünki şimal qonşumuzun siyasəti hər kəsə məlumdur. Yəni Rusiya belə məsələlərdə tez aqressivləşir və düşünmədən hərbi güc yoluna əl atır. Hətta hərbi müdaxilə Kreml üçün A variantı belə olur. Görünən odur ki, Moldova da bunları gözə alıb. Digər tərəfdən ola bilər ki, bu prosesdə Qərbin də təsiri var".

Qeyd edək ki, bu il Moldova parlamenti MDB platformasında bağlanmış 8 sazişi denonsasiya edib. Daha 6 sazişin ləğvi ilə bağlı qərarlar təsdiq olunmaq üçün Milli Məclisə təqdim edilib.

Xatırladaq ki, MDB-nin Sərhəd Qoşunlarının silahla təmin edilməsi prinsipləri haqqında Saziş 1992-ci il mayın 15-də Daşkənddə MDB Hökumət Başçıları Şurasının iclasında imzalanıb.