"Üç ilə yaxın müddət keçməsinə baxmayaraq Ermənistanın revanşist fikirləri hələ də davam edir".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Alparslan İmamqulu söyləyib.
O bildirib ki, Ermənistan Azərbaycanla sülh danışıqlarına gedirmiş kimi davransa da, məsələnin əsli belə deyil:
"Əslində proseslərə Ermənistanın qərarları kimi baxmaq yanlışdır. Çünki təxribatların arxasında Rusiya faktoru dayanır. Bu gün Ermənistan Hindistandan silah və İrandan dəstək alır. Bunlar isə yalnız Kremlin icazəsi ilə mümkündür. Çünki Ermənistan bütövlüklə Şimal qonşumuzun müstəmləkəsidir. Digər tərəfdən Kremlin növbəti 5 ildə Azərbaycan ərazisində olmaq istəməməsi heç də inandırıcı deyil. Bunun üçün isə təxribatlara zəmin yaradır. Məsələn, Azərbaycan torpaqlarında yaşayan erməni əhaliyə rus pasportları paylayır, ərazilərimizdə olan separatçılara silah-sursat və təlim verir. Bunları kənara qoysaq, Azərbaycan üçün yeganə vacib amil ərazi bütövlüyü və təhlükəsizliyidir. Ərazi bütövlüyü isə şərti sərhədlərimizdən başlayır. Öncə hələ də faktiki olaraq rus sülhməramlılarının nəzarətində olan Xankəndi və Xocalıda təmizlik işləri aparmalıyıq. Bu təmizliyin isə dünyada xeyli təcrübəsi var. Məsələn, 90-cı illərdə PKK Türkiyənin cənub-şərq ərazisində mülki əhalini sıxışdırırdı. Həmin vəziyyət bu gün Azərbaycan ərazisindədir. Yəni torpaqlarımızdakı minlərlə separatçı sülhə hazır olan erməni əhalini belə zorla bizə qarşı çıxardır. Hətta azyaşlılara vaxtaşırı hərbi təlimlər verirlər. Bunu isə dünyanın gözü önünə sərmək lazımdır".
Ekspert əlavə edib ki, Qarabağda yerləşən 10 minlik terrorçunu ən qısa zamanda zərərsizləşdirmək lazımdır:
"Bunun üçün ən önəmli addımlardan biri istiqamət komandanlığının yaradılmasıdır. Çünki sözügedən ərazilərdə MN, DSX, DTX və DİN fəaliyyət göstərir. Hər birinin isə müxtəlif cavabdehlik sahəsi var. Ona görə də qurumlar arasında kordinasıya vacibdir. Yəni adı çəkilən qurumların seçmə nümayəndələri vahid komandanlıq altında birləşdirilməlidir. Hətta bölgədə təkcə hərbi yox, sosial qurumlar da fəaliyyət göstərir ki, onları da təmsil edəcək şəxslərin bir araya gətirilməsi zəruridir. Bundan sonra bölgəni təmizləməyə başlamaq olar. Bundan sonra isə rus sülhməramlıları əvəz edəcək qüvvə lazımdır. Yəni bölgədə təxribatların qarşısını almaq üçün özümüzün təmin etdiyimizi sülhməramlı fəaliyyəti həyata keçirilməlidir. Yalnız belə şəraitdə Rusiyanı torpaqlarımızdan çıxarmaq mümkündür. Bundan sonra isə delimitasiya və demarkasiyası işlərinə keçmək olar. Yox əgər bu müddət ərzində yenidən təxribat törədilsə sərhədlərimizdən kənarda antiterror əməliyyatları keçirilə bilər".