... Qarabağ və Şərqi Zəngəzura səfər edir
"Özbəkistan-Azərbaycan münasibətləri artan xətt üzrə inkişaf edir".
Bunu"Sherg.az"a açıqlamasında millət vəkili Naqif Həmzəyev Azərbaycan və Özbəkistan arasındakı münasibətlərdən danışarkən deyib.
Deputat bildirib ki, Özbəkistanla Azərbaycan bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etməklə yanaşı, biri-birinin ərazi bütövlüyünü, suverenliyi və maraqlarını qoruyurlar:
"Prezident İlham Əliyev və Şövkət Mirziyoyevin qarşılıqlı səfərləri, həmçinin hökumətlərarası komissiyanın göstərdiyi uğurlu fəaliyyət iki ölkə arasındakı münasibətlərin inkişafına səbəb olub. Ümumiyyətlə energetika, logistika, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığımız daha da güclənməkdədir. Həmçinin ölkələr arasında dövriyyənin artması da bizim sevindirən əsas amillərdən biridir. Bunlarla yanaşı unutmamalıyıq ki, Özbəkistan və Azərbaycan xalqları arasında mənəvi, dini, tarixi və mədəni bağlılıqlar var. Ümumiyyətlə biz Azərbaycan və Özbəkistan xalqı arasında heç bir fərq görmürük. Bu baxımdan da iki ölkə arasındakı əlaqələrin inkişafı üçün əla bir zəmin var. Xüsusən də son illərdə Özbəkistan-Azərbaycan arasında uçuşların artırılması və iki ölkənin şəhərlərinin qardaşlaşdırılması mövcud əməkdaşlığı daha da yüksək səviyyəyə gətirib".
Parlamentarinin sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı Özbəkistanın Azərbaycanın mövqeyini dəstəklədiyini unutmamalıyıq:
"Torpaqlarımızın azad edilməsindən sonra isə Özbəkistan rəhbərliyi Qarabağ və Zəngəzurun yenidən qurulmasına dəstək məqsədilə Füzulidə məktəbin tikintisini təklif etdi. Bu jest Azərbaycan xalqı və Prezident İlham Əliyev tərəfindən böyük ehtiramla qəbul olundu. Digər tərəfdən Mirziyoyev Türk dövlətləri arasında Ərdoğandan sonra ikinci dövlət başçısıdır ki, Qarabağ və Şərqi Zəngəzura səfər edir. Sözügedən ərazilərə səfər dünya mediasının da gündəmindədir və əlaqələrin inkişafında böyük rolu olacaq. Xüsusilə də, hökumətlərarası Ali Şuranın yaradılması, münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılması baxımından çox önəmli qərardır. Ümid edirəm ki, Ali Şuranın səmərəli fəaliyyəti Azərbaycan və Özbək xalqı arasında dostluğu və etimadı daha da irəli daşıyacaq".
Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.