Türkiyənin türkmənlərə dəstəyi davam edəcək. Bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.
Fidan Türkiyənin Bağdaddakı səfirliyində İraq Türkmən Cəbhəsinin (İTC) və İraq türkmən icmasının liderləri ilə görüşüb.
“İraqdakı türkmənlərin bir çoxunun məruz qaldıqları ayrı-seçkilik və ədalətsizliyi aradan qaldırmaq üçün Türkiyə illərdir sistemli şəkildə türkmənlərin haqqını müdafiə edir. Onlara siyasi və iqtisadi hüquqların verilməsi üçün var gücü ilə çalışır”, – deyə Fidan bildirib.
İTC prezidenti Həsən Turan qeyd edib ki, ikitərəfli təmaslar müəyyən dərəcədə olsa belə, İraq türkmənlərinin problemlərinin aradan qaldırılmasına töhfə verəcək.
“Türkiyə dövləti hər zaman türkmənlərə dəstək olub”, - deyə Turan vurğulayıb.
Hələ soyuq müharibə zamanı Türkiyədə milliyətçi axının başladığını deyən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a qeyd edib ki, bu axın rəsmi Ankaranın xarici siyasətində də özünü göstərir:
"Həmin dövrdən başlayaraq Türkiyə xarici siyasətində "dış türk"lər deyilən bir anlayış formalaşmağa başladı. Burada isə Türkiyə vətəndaşı olmasa da, türk olanların müdafiəsi, onların milli özünü dərkinin güclənməsi və siyasi məsələlərdə haqlarının qazanılması istiqamətində Ankara mərkəzli bir siyasət xətti yeridiləcəkdi. Bu gün isə həmin xəttin daha da artırıldığını müşahidə edirik. Türkiyə rəsmiləri bütün türk xalqlarının müdafiəsi ilə bağlı öz çıxışlarında dəfələrlə danışıb. İraq məsələsində isə Ankaranın siyasəti tamamilə fərqlidir. Çünki İraqda ən çox zərər görən xalqlardan biri də türkmənlərdir. Türkiyə isə hər zaman onlara dəstək verib və müxtəlif formalarda qırğınlardan xilas edib. Bu gün də həmin siyasət davam edir".
Ekspertin sözlərinə görə, türkmənlər İraqda ən strateji bölgələrdə məskunlaşıb və bu bölgələrə nəzarət əsas enerji xətlərinə sahib olmaq deməkdir:
"Bu baxımdan da Türkiyə türkmənlərə özünün strateji tərəfdaşı olaraq yanaşır. Eyni zamanda həmin bölgədə biz PKK-nın daha aktiv olduğunu görürük. Terror isə qardaş Türkiyənin ən böyük problemlərindən biridir. Ona görə də, rəsmi Ankara çalışır ki, həm İraqdakı türkmənlərin milli varlığının aradan qaldırılmasına mane olsun, həm terrorçuların daha çox təşkilatlanmasının qarşısını alsın, həm də özünə qarşı qurulacaq yeni dövlətlərin formalaşmasını əngəlləsin. Bu kontekstlərdən baxdıqda Hakan Fidanın açıqlaması deməyə imkan verir ki, Türkiyə İraqdakı siyasətində qərarlıdır. Fidanla İraq türkmənləri arasında baş tutan görüşə qaldıqda isə bu onların bütün problemlərini həll etməyəcək. Ancaq onu da unutmaq lazım deyil ki, Türkiyə bölgədəki ən aktiv oyunçulardan biridir və onun dəstəyini ifadə etməsi İraq türkmənlərinə qarşı atılan addımların qarşısını alacaq. Yəni türkmənlərin üzləşdiyi təzyiqlər azalacaq".